“Ermənilər məcbur edir ki, hərbi gücümüzdən istifadə edək” - Deputat

Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələr Günündə Prezident İlham Əliyev Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı açılış mərasimindəki çıxışı zamanı bildirib ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq:
“Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: ““Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”".
Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisinin deputatı Elman Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident dəfələrlə imzalanan sənədlərin bəndlərini yerinə yetirməyən Ermənistana bəyanat verib, xəbərdarlıq edib:
“Dövlət başçısı İlham Əliyevin etdiyi xəbərdarlıqların, bəyanatların məqsədi ondan ibarətdir ki, həm üçtərəfli imzalanan sənəddə, həm də ondan sonrakı bir neçə dəfə baş tutan üçtərəfli görüşlərdə Azərbaycan üstünə düşən bütün öhdəlikləri yerinə yetirir. Təəssüflər olsun ki, Ermənistan öz üzərinə düşən öhdəlikləri icra etmir. Belə görünür ki, heç etmək fikrində də deyillər, uzatdıqca uzadırlar. Cənab Prezidentin bəyanatları da məhz bu istiqamətdədir”.
Deputat bildirdi ki, bu bəyanatlarda iştirak edən, sənədlərə imza atan üçüncü tərəflər - Rusiya və ya Avropa Ermənistanın şərtləri yerinə yetirməsinə nəzarət etmir.
“Sadəcə formal xarakterli, elə belə xəbərdarlıqlar edirlər. Bu, belə olmamalıdır. Hesab edirəm ki, burada məcburiyyət olmalıdır. Əgər beynəlxalq qurumlar və ya üçüncü tərəflər Ermənistanı bu öhdəlikləri əməl etməyə məcbur etmək fikrində deyilsə, Azərbaycan artıq məcbur olur ki, bunu özü həll etsin. Necə ki, 30 il ərzində BMT özünün qətnamələrini icra etmirdi, Ermənistan tərəfi ərazilərimizi işğaldan azad olunması tələblərinə əməl etmirdi, Azərbaycan məcbur oldu, 44 günlük müharibədə bunların hamısını özü etdi. İndi eləcə də, Ermənistan imzalanan sənədlərdəki bəndlərə əməl etmədiyi müddətdə Azərbaycan məcbur olacaq ki, öz hərbi gücündən istifadə etsin”, - deyə deputat əlavə edib.
Həmçinin Elman Məmmədov Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələsinin, eyni zamanda Azərbaycan torpaqlarında məskunlaşan qeyri-qanuni erməni silahlılarının Qarabağ ərazisindən çıxarılmasının olduqca vacib olduğunu bildirib:
“Müharibənin bitməsi az qalır 2 il olsun, amma Zəngəzur dəhlizi açılmayıb, bu gün hələ də Azərbaycan Respublikasının ərazisinin müəyyən hissəsində - Qarabağ bölgəsində işğalçı Ermənistan dövlətinə məxsus qeyri-qanuni silahlı birləşmələr mövcuddur. Həmin ermənilər Azərbaycan ərazisindən çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan məcbur olacaq ki, onları son nəfərinə qədər məhv edib ərazilərini qeyri-qanuni silahlı birləşmələrdən azad etsin.
Eyni zamanda 30 ildən çoxdur, seperatçı, terrorçu “Arsax” adında qurum var. Onun ləğv olunması və ərazilərimizin təmizlənməsi, sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya məsələləri var. Ermənistan bunları etmir və etmək fikrində də deyil. Dövlət başçısının verdiyi bəyanatlar bunları əsas göstərir. Bu bəyanatlar göstərir ki, biz sülh tərəfindəyik, amma ermənilər məcbur edir ki, hərbi gücümüzdən istifadə edək. Hərbi bəyanatın mahiyyəti budur”.
Nərmin Vüqarqızı