"Başınızı sığallamalıdırlar? - Paşinyanın iddiasına REAKSİYA

 17:23 29.06.2022     222

“Nikol Paşinyan iddia edir ki, guya, Azərbaycan müharibəyə hazırlaşır. Sən, 44 günlük müharibənin nəticəsində kapitulasiya bəyannaməsini qəbul edir, amma Moskvada imzalanmış üçtərəfli sazişin şərtlərini yerinə yetirmirsənsə, sülhyaratma prosesi ilə bağlı addımlar atmağa çalışmırsansa, ölkənin daxilində revanşist qüvvələrə şərait yaradırsansa, Azərbaycan nə etməlidir?”

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirdi.

O, Azərbaycan tərəfinin atmaq məcburiyyətində qalacağı addımlar barədə erməni tərəfinin rəylərinin çaşdırıcı olduğunu dedi.

“Azərbaycan da ordusunu qurur, təkmilləşdirir, Azərbaycan Prezidenti açıq və şəffaf siyasət yeridir. Ona görə də, Azərbaycan dövlətinin atacağı addımlar haqqında öz çıxışlarında ictimai rəyə ətraflı məlumat verir. Ermənistan tərəfi də bunu müxtəlif istiqamətlərə yozur”.

Siyasi şərhçi Ermənistanın qeyri-səmimi hərəkətlərinə də toxundu.

“Azərbaycan sülh istəyir, barışıq istəyir, bölgədə əmin-amanlıq istəyir. Ermənistan tərəfi isə, danışıqlar prosesində qeyri-səmimi addımlar atır. Belə olduğu halda başınızı sığallamalıdırlar? Əsla!

Gerçəkliyi qəbul edin. Sülh sazişinin ərsəyə gəlməsi üçün erməni tərəfindən də addımlar atılsın. Komunikasiyaların açılmasına badalaq vururlar, delimitasiya prosesinin həyata keçirilməsi üçün işçi qrupu yaradırlar, amma iclaslara yollamırlar?

Onların o qədər qeyri-səmimi hərəkətləri var ki, bu sözləri deməyə haqları yoxdur. Azərbaycan müharibə istəmir, amma Azərbaycan onun hüquqlarının pozulduğunu görəndə, əlindəki vasitələrdən istifadə etmək məcburiyyətində qalacaq”, - deyə Qabil Hüseynli bildirdi.

Sübhan Şərif