Meksikanın tanınmış jurnalı Şuşanın 270 illiyindən yazdı

 21:01 29.06.2022     126

Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik çevrələr və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “El Mundo” jurnalında Azərbaycanın müstəqillik tarixi və Azərbaycanla Meksika arasındakı münasibətlərdən bəhs edilib.

Redaktor.az xəbər verir ki, məqalədə, Mexiko şəhərində keçirilmiş, Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyinə həsr olunmuş təntənəli tədbir geniş işıqlandırılıb.

Yazıda ilk olaraq, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun çıxışına istinad edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təsis edilməsi, qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu sahəsində qazandığı uğurlar, Cənubi Qafqaz regionunda demokratiyanın inkişafındakı önəmli töhfələri haqda məlumat verilir və bu il müasir Azərbaycanın sələfi AXC-nin layiqli varisi olaraq 28 May – Müstəqillik Gününü fəxarət hissi ilə, ərazi bütövlüyünü bərpa etmiş şəkildə qeyd edildiyi bildirilir.

Sonra müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklərə, xüsusilə, qonşu Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə önəmli uğurlara imza ataraq öz suverenliyini gücləndirdiyi, günümüzdə isə Prezident İlham Əliyevin səmərəli siyasi-iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi söylənilir.

40-a yaxın müxtəlif xalqlardan olan insanların birgə, sülh içində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı, məhz bu səbəbdən ölkəmizin Roma Papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı qeyd olunur.

Daha sonra Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi ərazilərdəki mövcud durum, məcburi köçkünlərimizin evlərinə qayıtması üçün Ermənistan tərəfindən yaradılmış maneələr, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilir. Bu il 270 illik yubileyi qeyd olunan, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri, orada keçirilən çoxsaylı beynəlxalq mədəni tədbirlərdən bəhs edilir.

Həmçinin bu il Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunduğu, bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi vurğulanır.