İranla bağlı bu baş verərsə, dünyada əmin-amanlığın səviyyəsi yüksələcək - Politoloqdan PROQNOZ

 13:14 02.07.2022     850

Xəbər verdiyimiz kimi, BMT ABŞ-ı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) mandatına uyğun olaraq İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz ABŞ-a JCPOA-da nəzərdə tutulduğu kimi sanksiyaları ləğv etmək və ya onlardan azad etmək və İranla neft ticarəti üçün istisnaları uzatmaq çağırışımızı bir daha təkrar edirik”, - deyə o, bildirib.

Bəs, ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilərmi? BMT-nin belə bir çağırış etməsi nədən qaynaqlanır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirdi ki, Avropa ölkələri Donald Trampın prezidentliyi dövründə Amerikaya bu səhv addımdan geri çəkilməsi üçün dəfələrlə çağırışlar ediblər:

“Avropa uzun müddət çalışdı ki, İranla münasibətləri saxlasın. Lakin Amerika Avropanı cəza tədbirləri ilə hədələdiyi üçün sanksiyalara qoşulmağa məcbur qaldılar. Cavab olaraq İran dövlət proqramını həyata keçirtməyə təkrar başladı. Co Bayden hakimiyyətə gəldikdən sonra isə İranla münasibətləri tənzimləməyə çalışdı. İran isə qarşılığında cəza tədbirlərinin ləğvini tələb etdi. İndi bu məsələ ilə bağlı danışıqlar gedir, amma Amerika bütün sanksiyaları ləğv etməyi qəbul etmir, bəzilərini qüvvədə saxlamaq istəyir”.

Siyasi şərhçi qeyd etdi ki, Rusiyanın neft istehsalına qadağalar tətbiq edildiyi üçün dünyada neft qıtlığı yaranıb:

“Bunun nəticəsində Avropa və Amerikanın daxili bazarlarında  neftin qiyməti bahalaşıb, inflyasiya geniş vüsət alıb. İndi də Avropa ölkələri tələb edirlər ki, İrana qarşı cəza tədbirlərini ləğv etsin. İrana qarşı sanksiyalar bütövlükdə Qərbi vurur. Bunun üçün də BMT belə bir çağırış edib”.

 Z.Əlizadənin sözlərinə görə, İrana qarşı sanksiyaların ləğvi Azərbaycana da təsirsiz ötüşməyəcək:

“Azərbaycana o cür təsir edəcək ki, neftin qiyməti düşəcək. Əgər indi neftin bir bareli 120-130 dollardırsa, onda 80 dollara qədər düşə bilər. Bütün bunlara baxmayaraq, bütövlükdə dünyada və ölkədə əmin-amanlığın səviyyəsi yüksələcək”.

Nərmin Vüqarqızı