Deputatlar Ukraynaya humanitar yardımları alqışladılar

 18:38 05.07.2022     615

Azərbaycan Ukrayna xalqına növbəti dəfə humanitar yardım göndərib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi humanitar yardıma ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları daxildir.

Bu sıraya saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, Azərbaycan və Ukrayna münasibətləri yaxşı olan ölkələrdən olublar:

“Bu birinci dəfə deyil ki, Azərbaycan Ukraynaya humanitar yardım edir. İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Buna görə də, Azərbaycan öz növbəsində Ukraynaya humanitar yardımlar edir. Mən hesab edirəm ki, bu lazımlıdır”,- deyə deputat qeyd edib.

“Azərbaycan özünün xarici siyasətində həmişə dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma, işğalçılığa qarşı mübarizə, dünyada baş verən hadisələrlə bağlı əziyyət çəkən xalqlara, millətlərə, dövlətlərə kömək əlini uzatma mövqeyini tutur. Dünyanı bürüyən COVİD-19 pandemiyası zamanı da Azərbaycan nə qədər ölkələrə humanitar yardım göstərdi”.

Bunu isə saytımıza açıqlamasında deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman istər təbii fəlakət, istərsə də müharibə zonalarında əlindən gəldiyi qədər həmin dövlətlərə yardım edir.

“Bu gün Ukraynada müharibədir və milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüblər. Həmin insanlar müharibədən əziyyət çəkirlər, öz yuvalarından didərgin olub əziyyət, gərginlik və ehtiyac içərisində yaşayırlar. Təbii ki, belə bir şəraitdə Azərbaycan onlara yardım göstərməlidir və göstərir. Humanitar yardım müqəddəs bir işdir. Cənab Prezidentimizin bu istiqamətdə mövqeyi çox düzgün, dürüst və alqışlanasıdır”-, deyə deputat əlavə edib.

Məlumat üçün bildirək ki, Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən