"Azərbaycan ABŞ ilə bu məsələdə əməkdaşlıq etməyə hazırdır" - Aydın Mirzəzadə

 12:23 06.07.2022     502

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı İlham Əliyev məktubda 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Prezidentini və xalqını təbrik edib, xoş diləklərini çatdırıb.

Həmçinin Prezident 30 ildir ki, Azərbaycan Respublikası və ABŞ arasında qurulan dostluq və tərəfdaşlıq münasibətlərinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlətmizin başçısının bu məktub iki dövlət arasındakı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini göstərir.

“Cənab Prezidentin 4 İyul – Müstəqillik Günü münasibətilə Cozef Baydenə göndərdiyi məktubda Azərbaycan və Amerika münasibətlərinin bugünkü vəziyyəti tam xarakterizə olunur. Dövlət başçımız bu əlaqələri dostluq  münasibəti adlandırıb. Bu münasibətlər hər iki ölkənin maraqlarına cavab verir” - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyanın bütün ölkələri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu Ulu Öndər hakimiyyətə gəldiyi gündən ortaya qoydu və torpaqlarımızı işğal edən Ermənistandan başqa bütün dövlətlərlə mehriban qonşuluq siyasəti yeridirdi:

“Bunun nəticəsində ABŞ və Azərbaycan bu gün beynəlxalq birlikdə sülhün qorunması, əməkdaşlığın genişlənməsi, bəşəriyyət qarşısında duran məsələlərin həllində birgə səylər birləşdirir. Vaxtaşırı siyasi məsləhətlərin keçirilməsi, qarşılıqlı səfərlərin edilməsi bu münasibətləri daha da möhkəmləndirir. Faktiki olaraq, regionda elə bir məsələ yoxdur ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq və birgə fəaliyyət proqramı olmasın.

Əməkdaşlıq etdiyimiz sahələrdən biri də işğaldan azad edilən bölgələrin minalardan təmizlənməsidir. Bu çox ağır və müəyyən qədər vaxt aparan bir məsələdir. ABŞ-ın bunun üçün xüsusi imkanları, texniki potensialı mövcuddur. Bu baxımdan Azərbaycan ABŞ ilə bu məsələdə əməkdaşlıq etməyə hazırdır. Mümkündür ki, bununla bağlı iki dövlət arasında danışıqlar aparılsın”.

Aydın Mirzəzadə qeyd etdi ki, bu gün bu münasibətləri nümunəvi adlandırmaq olar. Onun sözlərinə görə, ölkələr arasında fikir ayrılığı, həll edilməmiş bir məsələ yoxdur.

“Bu müsbət münasibətlərin yaranmasında Azərbaycan tərəfi səylər göstərir. Prezidentimiz Cənab İlham Əliyev bu əlaqələrin dərinləşməsi, daim yüksək səviyyədə olmasına böyük diqqət yetirir. Əlaqələrimiz demək olar ki, bütün sahələri əhatə edir. Bundan sonra da iki dövlət arasındakı bağlılığın daima yüksək səviyyədə olacağı dövlət başçımız İlham Əliyevin Baydenə 4 İyul – Müstəqillik Günü münasibətilə göndərdiyi məktubda əksini tapır”,- deyə millət vəkili vurğuladı.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən