"Özbəkistan ərazisinə atılmış raketlərdə Rusiyanın barmağı var" - Qabil Hüseynli

 17:55 06.07.2022     515

Özbəkistan ərazisinə atılmış raketlərdə Rusiyanın əli ola bilər.

Bu fikri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli səsləndirib.

"Düşünürəm ki, bu raketlərin Əfqanıstandan atılması ilə bağlı məlumat dəqiq deyil. Dəqiq informasiyadan sonra daha dəqiq fikir yürütmək olar.

Amma ehtimal ki, bu, Tacikistan ərazisindəki Rusiya hərbi bazasından atılmış raketlərdir. Çünki, Rusiyanın bu bölgədə ən böyük hərbi bazası məhz Tacikistan ərazisində yerləşir. Üstəlik Tacikistanın Əfqanıstandakı əsas hərbi müttəfiqləri "Pəncişir pələngləri" adlanan və Talibana müxalif siyasi mövqelərdə dayanan, tacik əsilli insanlardan təşkil olunmuş qruplaşmadır. Bu raket hücumunun mənbəyi bu qruplaşma ola bilər."

Politoloq onu da qeyd edib ki, Tacikistanla Özbəkistan arasındakı münasibətlər heç də həmişə yaxşı olmayıb, bunlar fərqli etnik qruplardır.

Amma hər halda, ya Tacikistan ərazisindəki ruslar və yaxud da ki, Əfqanıstan ərazisində olan və etnik baxımdan taciklərdən təşkil olunmuş "Pəncişir pələngləri" adlı hərbi qruplaşma bu raket atəşinin həyata keçirilməsində iştirak edə bilərlər.

Böyük ehtimalla, bu məsələdə Rusiyanın - Kremlin barmağı olduğu qənaətindəyəm", - deyə Q.Hüseynli vurğulayıb.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən