“İndi bu iki ölkə verdiyi vədə əməl etməlidir” - Məlahət İbrahimqızı

 12:25 09.07.2022     626

Xəbər verdiyimiz kimi,  Madriddə NATO Sammitində  İsveç, Finlandiya və Türkiyə arasında təhlükəsizlik sazişi imzalanıb. Bu sənədin əsas bəndi ondan ibarətdir ki, Finlandiya və İsveç Türkiyəyə silah ixracı ilə bağlı qoyduğu embarqonu ləğv edəcək, PKK da daxil olmaqla digər terror təşkilatlarına qarşı Türkiyə ilə əməkdaşlıq edəcək, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alacaq. Ankara isə əvəzində İsveç və Finlandiyanın NATO-ya üzv olmasını ratifikasiya edəcək.

Bəs Türkiyə parlamenti bu ölkələrin NATO üzvü olmasını təsdiq edəcəkmi? İsveç və Finlandiya Türkiyəyə qarşı öhdəliklərini yerinə yetirəcəkmi? Əks təqdirdə NATO-nun növbəti sammitində Türkiyə veto hüququndan istifadə edə bilərmi?

Suallarımıza cavab tapmaq üçün Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı ilə əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, Türkiyə NATO-ya üzv olan yeganə müsəlman və türk dövlətidir, NATO-nun ikinci ən böyük ordusuna malikdir. Buna görə də, Türkiyəyə qarşı çox ciddi qısqanclıqlar var.

“Türkiyə təkcə özü üçün yox, bütün türk və islam dünyası üçün hədsiz dərəcədə önəmli ölkədir. Buna görə də, tez qərar verib veto qoymaqla Türkiyənin nə qazanacağı, nə qədər qazanacağı sual altında idi. Amma Ərdoğan saziş imzalanmadan öncə də, sonra da mətbuat konfransında digər ölkələrin yanında bildirdi ki, biz veto qoymadıq, amma veto qoymaq hüququmuz qalır. Bu o deməkdir ki, parlament bu sazişi imzalamasa, həmin sənəd öz qüvvəsini itirmiş hesab edilir. Yalnız Ankara ratifikasiya etdikdən sonra sənəd qüvvəyə minəcək”,- deyə o bildirdi.

M. İbrahimqızının sözlərinə görə, bu olduqca uzun çəkən prosesdir. Lakin bu müddət ərzində Ankaranın tələbini İsveç və Finlandiya yerinə yetirməsə, Türkiyə də onların NATO-ya üzv olmasını qəbul etməyəcək:

“İndi bu iki ölkə verdiyi vədə əməl etməlidir. PKK ilə yanaşı, YPG və FETÖ-nün də terror təşkilatı kimi tanınması  olduqca vacibdir. Növbəti sammit ən tez halda 6 ay ərzində baş tutacaq. Bu müddət ərzində olduqca vaxt var ki, İsveç və Finlandiya öz məsuliyyətlərini yerinə yetirsinlər. Qarşıdakı aylarda biz görəcəyik ki, İsveç və Finlandiya bu məsələyə necə baxırlar.

Bu iki ölkə vədlərini yerinə yetirmədiyi təqdirdə Türkiyə bu ölkələrin NATO-ya üzvlüyünə veto qoyaraq cavab verəcək”.

Millət vəkili onu da qeyd etdi ki, bir neçə gün öncə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib və FETÖ təşkilatını terrorçu qurum kimi tanıyıb:

“Bu zaman o, dünyada baş verən qlobal təhdidlərdən bəhs edərkən FETÖ terrorunun da qlobal təhdid olduğunu vurğulayıb. Bu, Türkiyə üçün böyük nailiyyətdir. Çünki indiyə kimi heç bir qurum, heç bir ölkə FETÖ-nün qlobal təhdid olduğunu qəbul etmirdi”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən