"Xameneinin dediyi sözlərin heç bir tarixi əsası yoxdur" - Elman Məmmədov

 16:52 20.07.2022     445

“Azərbaycanın Ermənistan-İran sərhədini blok etmək fikri yoxdur. Əksinə Azərbaycan bir müddət əvvəl İran ərazisindən Naxçıvana yol çəkilməsi məsələsi ilə bağlı müqavilə bağlandı və danışıqlarda Zəngəzur dəhlizi də müzakirə edildi”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov İranın ali dini lideri Seyid Əli Xameneinin Qarabağla bağlı tvitinə münasibət bildirərkən bildirdi. Onun sözlərinə görə, Azərbaycandan Naxçıvana 40 km uzunluğunda yol çəkilir.

"Burada Ermənistan-İran sərhədinə toxunmaqdan və ya bloklamaqdan söhbət gedə bilməz. Bu, İran İslam Respublikasının növbəti xoşagəlməz bəyanatıdır. Bu ifadələrin heç bir əsası yoxdur. Ermənistan-İran sərhədini bloklamaqla bağlı heç bir rəsmi sənəddə, danışıqlarda məlumat yoxdur. Bu İranın növbəti təxribatıdır.

Deyilməsə də, göz önündə olan faktdır ki, İran ermənilərlə son 30 il ərzində Azərbaycanın işğal altında olan ərazilərində tikinti materiallarının, təbii sərvətlərinin alverini edirdi. O bölgədə nə vardı, hamısını İran daşıyıb apardı. Bunlar ki, faktdır”, - deyə deputat bildirdi.

E.Məmmədov həmçinin qyed etdi ki, bu gün Türkiyənin regionda güclü mövqeyə sahib olması İranı narahat edir:

“Burada İranı narahat edən bir məsələ var. O bilir ki, Azərbaycanın İran-Ermənistan sərhədinə qarışmaq niyyəti yoxdur. Türkiyənin bölgədə rolunun, fəallığının artması İranı birmənalı olaraq narahat edir. Bu göz qabağında olan faktdır.

İran İslam Respublikası islam dəyərlərini, müqəddəsliklərini dağıdan, təhqir edən, viran qoyan işğalçı dövlətlə əməkdaşlıq, dostluq edirsə, bu onun öz işidir”.

Deputat qeyd etdi ki, Xameneinin dediyi sözlərin heç bir tarixi əsası yoxdur:

“Bu saat Ermənistanda və xüsusilə Azərbaycanın Qarabağ bölgəsində qalıb yaşayan ermənilərin 99 faizi İran erməniləridir. 1813-1828-ci illər İranın Rusiya ilə müharibədə uduzduğu dövrdə ermənilərin İrandan tarixi Azərbaycan torpaqlarına köçürülüb. Burda tarix də var, rəqəmlər də var. Xamenei bir az tarixə baxsa yaxşı olar. Görünür, sözgəlişi 150-200 il nəzərdə tutub min illər deyib ki, ermənilərin xətri xoş olsun”.

Xatırladaq ki, İran İslam Respuklikasının ali rəhbəri Seyid Əli Xameneinin tviterdə  “Qarabağın Azərbaycana qaytarılmasına çox sevinirik. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərini blok etmək siyasəti varsa, İslam Cumhuriyyəti buna qarşı çıxacaq. Çünki bu sərhəd minlərlə illik əlaqə yoludur" yazması Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanıb.

Nərmin Vüqarqızı