"5-ci kolon"un ünsürləri ifşa olacaqlar - Məlahət İbrahimqızı

 13:46 26.07.2022     450

"Prezidentimizin müəllifi olduğu Zəngəzur dəhlizi Avrasiyanın şah damarı olacaq"

"Bildiyimiz kimi bu günlərdə ölkəmizin ictimai-siyasi həyayında eləcə də xalqımızın taleyində baş verən ən əlamətdar hadisələrdən biri də “Böyük Qayıdış”ın ilk karvanının işğaldan azad edilmiş və ən müasir standartlar əsasında inşa edilmiş Zəngilanın Ağalı kəndinə yola düşməsidir. Hesab edirəm ki, bu hadisə həm dünyada katoklizmlər fonunda çox böyük hadisədir. Dünyada pandemiya, iqtisadi-maliyyə böhranın, silahlı münaqişələrin, xüsusən də Rusiya-Ukrayna müharibəsinin, getdikcə mürəkkəbləşən müxtəlif geosiyasi proseslərin bəşəriyyəti daha ağır problemlərlə üzləşdirdiyi halda, ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra Müzəffər Ali Baş Kamandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhnərliyi ilə baş verən əzəmətli quruculuq işləri sözün həqiqi mənasında ağlasığmazdır.​​​​​​".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə qayıdışla bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili qeyd edib ki, qısa müddət ərzində baş verən bütün bu proseslər o qədər əzəmətli işlərdir ki, bunları təsəvvür etmək üçün onu yerində görmək lazımdır:

"Bu mənada bu gün işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işlərini İlham Əliyev fenomeninin uğur və nailiyyətləri adlandırmaq olar. Əsl həqiqət və möcüzə də elə budur. Bu gün hər kəs xatırlayır ki, hələ möhtərəm Prezidentimiz cənab İlham Əliyev Cocuq Mərcanlıda olarkən qeyd etmişdi ki, zaman gələcək, işğal altındakı digər ərazilərimizi də azad edəcəyik, o torpaqları da böyük tikinti-quruculuq meydanına çevirəcək, Qarabağa həyatı qaytaracağıq. Yəni bu sözlər, daha doğrusu bu müqəddəs arzular 2016-cı ildə səsləndirilmişdir. Möhtərəm Prezidentimizin Cocuq Mərcanlıda dediyi bu fikirlər, əslində böyük Zəfərin müjdəsi, Cocuq Mərcanlıya Qayıdış isə Böyük Qayıdışın ilk karvanı idi. Bizdə belə bir atalar sözü var. İnsan dağın ətəyində olanda dağın əzəmətini yetərincə dəyərləndirə bilmir. Bu mənada möhtərəm Prezidentimiz elə bir dahi, müdrik və uzaqgörən dövlət adamı və zəngin təcrübəyə malik siyasətçidir ki, biz onu bu gün hələ ona layiq səviyyədə qiymət verə bilmirik. Necə ki, ulu öndərimiz Heydər Əliyevi zaman keçdikcə sanki yenidən kəşf edirik. Eləcə də möhtətəm İlham Əliyevi nəinki onun həyata keçirdiyi daxili və xarici siyasəti və ya ölkəmizdə gerçəkləşdirilən misilsiz layihələri ilə, biz onun hər çıxışı ilə sanki yenidən kəşf edirik. Onun çıxışının hər bir cümləsi yaxın, orta və uzaq məsafə üçün ölkəmizin inkişaf strategiyası olmaqla hər birimizə ünvanlanan mesajlardır. Elə mesajlar ki, onların hər biri bizim üzərimizdə həm vətəndaşlıq, həm də vəzifə məsuliyyətidir".

Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün dünya qida böhranı ilə, çörək ilə sınağa çəkildiyi halda ölkəmizdə ən yüksək standartlarda quruculuq işləri görülür.

"Budur İlham Əliyev fenomeni: Cocuq Mərcanlıdan Ağalıya. Məhz bu fenomenal dövlət adamının və XXI əsrin müzəffər liderinin qətiyyəti, prinsipiallığı, yenilməzliyi və zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan nəinki bölgənin lider dövləti olacaq, İnşallah Avrasiyanın ən önəmli ölkələrindən biri olacaq. Möhtərəm Prezidentimizin müəllifi olduğu Zəngəzur dəhlizi Avrasiyanın şah damarı olacaqdır. Əminik ki, bu gün uzaqda deyil. Çünki möhtərəm Prezidentimizin bu günədək dediyi hər bir söz imzası kimi keçərli və gerçək olubdur. Bu mənada istər ölkəmizdə hələ də fitnə törətməyə çalışan "5-ci kolon"un ünsürləri, istərsə də respublikamızda görülən möhtəşəm layihələrə uzaq-yaxın qonşu ölkələr tərəfindən yaradılan problemlər puça uğrayacaqdır. Necə ki, bu qüvvələr hər dəfə cəhd etməyə çalışdıqca ifşa olublar. Əminik ki, bundan sonra da ifşa olacaqlar", - deyə deputat bildirib.

Nərmin Vüqarqızı