“Ölkə başçısının çıxışındakı mesajları bütün məmur korpusu anladı” - Aydın Mirzəzadə

 20:21 26.07.2022     568

“Cənab Prezident bütün çıxışlarında həm görülən işlər barəsində hesabat verir, həm də gələcək planlar barədə açıq danışır. Xüsusi ilə də, yüksək vəzifələrə təyinat zamanı, o, həmin sahənin təsnifatını verərək yeni məmurlara öz vəzifəsinə məsuliyyətlə yanaşmağı tələb edir”.

Redaktor.az  xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin yeni icra başçıları ilə görüşü zamanı toxunduğu məsələləri şərh edərkən söyləyib.

Onun sözlərinə görə, dövlət başçısı icra başçıları arasında öz vəzifəsinə məsuliyyətsiz yanaşan, sui-istifadə edənlərin olduğunu deməsi, bu məsələni ciddi nəzarətə götürməsindən xəbər verir:

“Cənab Prezident yeni təyin etdiyi icra başçılarının timsalında bütün məmurlara xalqa yaxın olmağı, vətəndaşın bütün problemlərini həll etməyi tapşırdı.

Düşünürəm ki, ölkə başçısının çıxışındakı mesajları yalnız yeni 3 yeni  icra başçısı deyil, hansı vəzifədə olmasından asılı olmayaraq bütün məmur korpusu anladı” .

Millət vəkili onu da əlavə etdi ki, hər kəsin fəaliyyəti göz qarşısındadır. Bu baxımdan dövlət başçısı ictimai nəzarətin olmasını vacib sayır. Eyni zamanda məmurların işinə yuxarıdan da ciddi nəzarət olunur.

“Ona tapşırılan vəzifəyə məsuliyyətlə yanaşmayanlar, işində ciddi səhvlər buraxanlar vaxtaşırı vəzifədən azad edilirlər. Buna görə də, cənab Prezidentin etimadına layiq görülənlər bunun necə böyük bir şərəf olduğunu bir daha özləri üçün dərk etməlidirlər. Bu gün idarəetmə sahəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün çox ciddi çalışmaq lazımdır və dünənki təyinatlar bir daha göstərdi ki, hər bir vəzifəli şəxsin işi cənab Prezident tərəfindən öyrənilir. Etimadını doğrultmayanlar layiqli cəzalarını alırlar”.

Nərmin Vüqarqızı