"Bu məmurların vəzifədə oturması o qədər də uzun çəkməyəcək" - Deputat

 18:00 27.07.2022     803

"Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanıb, qanunsuz zəbt edilib. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilib, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilib. Biz bu məsələni ciddi araşdırıb gördük ki, çox böyük qanun pozuntuları var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırıb və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət alıb.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ötən günlərdə yeni təyin etdiyi icra başçılarını qəbul edərkən söyləyib.

Dövlət başçısının bu sözlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Rüfət Quliyev bildirdi ki, iqtisadiyyatda, siyasətdə, elmdə, kənd təsərrüfatında, yəni bütün sahələrdə islahatlar gedir, idmanda Azərbaycanın uğurları artıb.

“Hakimiyyət çalışır ki, işlək olan mexanizmi daha da effektiv istifadə etsin. Bu mexanizmin effektiv işləməsi hamıya lazımdır. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə daha diqqətli rəftar olunmalıdır. Onların hansısa təklifi, tələbi, xahişi varsa daha həssaslıqla yanaşılmalıdır. Mən düşünürəm ki, cənab Prezidentin son təyinatları yeni standart və üsullarla işləməyi bacaran insanlardır. Onlar qismən cavan olsa da, təcrübələri və həvəsləri var".

Millət vəkili son zamanlar korrupsiya qarşı aparılan mübarizəyə də toxundu:

"Hamı başa düşür ki, korrupsiya sistemi quran, bu formada çirkin pulları əldə edən, sahibkarların qabağını kəsən, haqq istəyən, onlara şərik olan məmurların vəzifədə oturması o qədər də uzun çəkməyəcək. Bu da başqalarına dərs olacaq ki, işlərini düzgün qursunlar, insanlarla daima təmasda olsunlar".

R. Quliyev qeyd etdi ki, ictimai nəzarətin bir qolu da millət vəkillərinin fəaliyyətidir:

“Biz də nəzarət funksiyalarını yerinə yetiririk. Səhvlər aşkarladıqda mətbuatla bölüşürük, çıxışlarımızda, sorğularımızda qeyd edirik. İdarəetmə və siyasətdə islahatların sürəti artır və davamı da gələcək.

İctimai nəzarətdə jurnalistlərin və medianın böyük rolu var. Medianın, xalqın səsi aparıcı qüvvədir. Bu səbəblə tənqiddə obyektivliyi nəzərə almaq lazımdır. Ümumi yox, konkret faktlarla çıxış etmək lazımdır”.

Nərmin Vüqarqızı