Qarabağda ruslar əməliyyata başlayır? - Erməni ekspert

 10:49 03.08.2022     803

44 günlük müharibədən sonra erməni xalqına elə gəlirdi ki, rus sülhməramlılar Qarabağda Ermənistanın maraqlarını qorumaqdan ötrü yerləşdirilib. Lakin hadisələrin gedişatı bunun belə olmadığını göstərir.

Redaktor.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bildirib.

“Artıq aydındır ki, Qarabağdan erməni silahlıların çıxarılması prossesini elə rus sülhməramlılar aparacaq. Xüsusi əməliyyat olacaq və ruslar Qarabağı erməni silahlılardan tam azad edəcək. Çünki artıq təsdiqlənmiş razılaşmalara əsasən, ruslar bu ərazilərin təhlükəsizliyini tam təmin etməlidir. Amma Bakının dediklərinə əsasən bunu ruslar heç də tam bacarmır. Azərbaycan tərəfi Qarabağda demək olar ki, günaşırı ermənilərin atəş açmasından xəbərlər yayır. Bu o deməkdir ki, Bakı Moskvaya öz sözünü artıq deyib və hazırda Kreml xüsusi əməliyyata başlayacaq.

Ermənistan üçün ilk həyəcan zəngi rus hərbçilərin Azərbaycan Ordusunun erməni könüllülərini Qarabağ ərazisində əsir götürməsinə göz yumması zamanı səsləndirildi. Ruslar o zaman bizim əsgərləri xilas etmək üçün bir addım da atmadılar. Sonradan Rusiya qoşunları “dqr”in “müdafiə ordusunun” hərbçilərinin Ermənistandan, məzuniyyətdən öz hərbi hissələrinə qayıtmasına mane olmağa başladılar. Əsgərlərimiz rusiyalı hərbçilərin blok-postlarından Ermənistana geri qaytarılır”, - deyə o qeyd edib (axar.az).