Londondakı səfirliyimizə hücumun arxasında erməni lobbisi dayanıb?

 00:18 05.08.2022     961

"Londondakı radikal dindarları nə qəzəbləndirib ki, həbs olunma təhlükəsi risqini göz önünə alaraq Azərbaycan səfirliyinə hücum ediblər? Özü də bu hadisə elə bir məqamda baş verir ki, Azərbaycan Qarabağda separatçılara qarşı anti-terror əməliyyatı həyata keçirir və İrəvan təşviş içindədir. Yoxsa erməni lobbisi indi də radikal dindarlarla ittifaq qurub?"

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Londondakı Azərbaycan səfirliyinə hücumla bağlı danışarkən bildirib.

"Hər halda həbs olunan dindarlar London polisinə Azərbaycan səfirliyinə hücum etmələrinin səbəbini söyləyəcəklər. Ancaq bu hücum xaricdəki dini mərkəzlərdən birinin əmri və ya erməni lobbisinin pulu müqabilində həyata keçirilibsə əsl səbəbini gizlədəcəklər", - deyə politoloq qeyd edib.

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

T.İSMAYIL