"Azərbaycanda dini  qarşıdurma yaratmaq istəyirlər" - Deputat

 16:41 05.08.2022     472

“Londonda baş verən bu hadisə təsadüfi deyil, məqsədlidir və Azərbaycana bir mesajdır".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov  Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu kimi radikal qrupların əslində dinlə heç bir əlaqəsi yoxdur.

"İslam humanist dindir, insanları sülhə, həmrəyliyə, birliyə dəvət edir. Hətta "Qurani-Kərim" də insanları hikmət, öyüd, və nəsihətə çağırır. Yəni dinimizin yanaşması budur. Amma müəyyən radikal qruplar var ki, bunlar əksər hallarda xarici kəşfiyyat orqanları tərəfindən yaradılır və idarə olunur. Dünənki hadisədə də çox ciddi siqnallar vardı. Mən əvvəl də müsahibələrimdə, Milli Məclisdə çıxışlarımda bu məsələni qaldırmışdım ki, bizim Qarabağda qazandığımız üstünlükdən sonra birinci dərəcəli məsələ dini təhlükəsizliyimizin təmin edilməsidir. Qeyd etmək lazımdır ki, bu gün həm ölkə daxilində, həm də xaricdə müəyyən radikal qruplaşmalar var ki, bunlar ölkədəki dini durumu ciddi şəkildə təhdid edirlər.”

Deputat onu da əlavə etdi ki, əgər ciddi addımlar atılmasa və qərarlar qəbul edilməsə, belə məsələlərlə tez-tez üzləşə bilərik. Azərbaycanın təhlükəsizlik orqanları zaman-zaman müəyyən təmizlənmə aparmasına baxmayaraq, hələ də ölkəmizdə xaricdən idarə olunan müəyyən radikal dini qruplaşmalar var:

“Həmin bu qruplaşmalar öz mövqelərini ortaya qoyaraq Azərbaycanda dini  qarşıdurma yaratmaq istəyirlər. Ona görə bu gün bizim dövlətimizin həm daxili, həm də xarici siyasətində ən prioritet məsələlərdən biri təhlükəsizliyin tamamilə təmin edilməsidirr. Əgər biz bunun üstünə düşməsək, vaxtında zəruri islahatları həyata keçirməsək, çevik addımlar atmasaq, növbəti mərhələlərdə belə problemlərlə üzləşə bilərik. Yəni bu hadisə təsadüfi deyil, məqsədlidir və Azərbaycana bir mesaj, təhdiddir. Müəyyən ölkələr və dairələr mesajlar verməyə çalışırlar ki, Azərbaycanın güclənməsinin, müstəqil siyasət həyata keçirməsinin qarşısını ala bilərlər..”

Sonda Ceyhun Məmmədov bildirdi ki, dövlət müəyyən addımlar atsa da, Azərbaycandan daxili dini duruma müdaxilələr həddindən artıq çoxdur:

“Bu gün də bir sıra dairələr Azərbaycanda insanların dinə həssas yanaşmasından məharətlə istifadə etməyə çalışırlar. Ona görə biz daha çox çalışmalı, daha ciddi addımlar atmalıyıq ki, belə təhlükələrdən özümüzü sığortalaya bilək”.

Həmidə Rasimqızı