“Milli kimliyi unutmamalıyıq” - Deputat
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda dini geyimlərlə bağlı vacib təkliflə çıxış edib.
Millət vəkili bildirib ki, “Dini geyimlərimizi də, başörtümüzü də Azərbaycana xas milli geyim formasında tərtib etsək, inanın ki, ölkədə lazımsız məzhəb söhbətləri də gündəmdən çıxmış olar”.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, hər bir müsəlman ölkəsinin özünəməxsus milli və dini geyimləri mövcuddur. Azərbaycanın da çox gözəl, çox yaxşı milli geyimləri var. Kəlağayı buna ən gözəl nümunələrdən biridir.
“Hər bir xalq dini inancı ilə yanaşı öz milliyini də qoruyur. O baxımdan hesab edirəm ki, biz dinimizə əməl etməklə yanaşı milli dəyərlərimizi də qorumalıyıq. Yəni bu paralel getməlidir. Təəssüf ki, bəzən xarici təsirlər nəticəsində bəzi qruplar çalışırlar ki, dini kimliyi milli kimliydən üstə çıxarsınlar. Ona görə də, əlbəttə biz milli geyimlərimizi də nəzərə almalıyıq və onlar da mütləq qorunmalıdır, təsdiq olunmalıdır. Bu geyimlər bizim zənginliyimizdir, tarixmizdir, mədəniyyətimizdir.”,- C.Məmmədov qeyd etdi.
Söhbətimiz zamanı məzhəb məsələsinə də toxunan millət vəkili qeyd etdi ki, hansısa məzhəbi yox etmək indiki dövrdə mümkünsüzdür:
“Məzhəblərin mövcudluğu məsələsi ilə bağlı qeyd edim ki, onları ləğv etmək mümkün deyil. Tarixdə bununla bağlı cəhdlər olsa da bacarmayıblar. Çünki bu məzhəblər kifayət qədər oturuşub və möhkəmlənib.
Sadəcə biz kənar təsirlərə imkan verməməliyik. İndi əsas bizi narahat edən məsələ xaricdən ölkəmizdəki dini duruma müdaxilələrdir. Bu məsələni maksimum dərəcədə sıfıra endirməliyik. Yəni ölkəmizdə gərginlik yaratmaq istəyənlər dini kimliyi milli kimlikdən üstün tutmaqla bağlı edilən çağırışların maksimal dərəcədə qabağını almalıyıq. Hər bir halda milli kimlik qorunmalıdır.
Kim hansı dinə, məzhəbə istəsə etiqad edə bilər, amma Azərbaycan reallığı, millilik nəzərə alınmalıdır. Dinimizn qaydalarına, şərtlərinə əməl edərək öz ənənələrimizi də yaşadırıq. Milli və dini mənsubiyyət arasında balans qorunmalıdır”.
Deputat söhbətin sonunda onu da əlavə etdi ki, millilikdən danışarkən qatı millətçilik, şovinizm anlaşılmamalıdr:
“Bilirsiniz, burda ilahiyyatçıların müxtəlif yanaşması var, müəyyən dini ehkamlara da istinad edirlər. Milli kimlik dedikdə biz millətçiliyi nəzərdə tutmuruq. Yəni biz azərbaycanlıyıq, biz türkük. Əgər qədimdən İslamı qəbul edən ölkə öz milli kimliyini qoruyub saxlaya bilirsə, biz niyə qorumayaq? Bütün müsəlman ölkələri öz milli dəyərlərini, adət-ənənələrini qoruyublar. Ən çox da elə geyimləri ilə bunu edirlər. Bu səbəblə biz də mütləq milli kimliyimizi qorumalıyıq.
Biz demirik ki, kiməsə qarşı millətçilik, ayrı seçkilik edək. Söhbət ondan getmir, söhbət azərbaycanlılıqdan, öz milli ideologiyamızdan gedir. Əgər biz milli ideologiyanın güclənməsinə, möhkəmlənməsinə imkan verməsək, onda bu bizim üçün dövlətçiliyə, azərbaycançılığa da müəyyən problemlər yaradacaq. Din qəti şəkildə millətləri inkar etmir. Heç zaman İslam çalışmayıb ki, hansısa bir millətin milliyətini dəyişsin. Sadəcə islamın yanaşması o olub ki, millətçilik, milli ayrı seçkilik etmək düzgün deyil”.
Nərmin Vüqarqızı












