"Böyük sazişi imzalamaq üçün Ermənistan da öz üzərinə düşəni etməlidir" - Fazil Mustafa
Xəbər verdiyimiz kimi, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Görüşdən sonra mətbuata verdiyi bəyanatda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi istiqamətində əsaslı işi gücləndirmək barədə razılıq əldə olunduğunu deyib.
Hələlik, nəticələr barədə rəsmi açıqlama olmasa da, Azərbaycan və Ermənistan liderlərinin bu görüşündən müsbət mənada gözləntilər çoxdur.
Bu barədə Redaktor.az-a üçtərəfli görüşü şərh edərkən Milli Məclisin deputatı Fazil Mustafa dedi.
“Görüşdən Azərbaycan üçün müsbət mənada gözləntilərimiz çoxdur. Əminəm ki, Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini necə yerinə yetirməsi, əslində yetirməməsi barədə açıqlama tələb olunub. Yəni görüşün əsas mahiyyəti bizim üçün budur. Çünki Azərbaycan 10 noyabr razılaşmasından sonra öz üzərinə düşəni edib. Böyük sazişi imzalamaq üçün Ermənistan da öz üzərinə düşəni etməlidir. Hələki bunu etmir. Ermənistan konkret orada proqram təqdim etməlidir. Əgər etməsə, onda görüşün də nəticəsi olmayacaq. Ona görə də Azərbaycan tərəfinin mövqeyi birmənalı bəllidir və bu istiqamətdə də tələbimizin olduğuna inanıram”,- millət vəkili bildirdi.
Həmidə İbrahimova












