Ermənistan danışıqları uzatmaqla status-kvonu saxlamaq istəyir - Elman Məmmədov

 12:15 31.08.2022     295

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq. Azərbaycan cəmiyyətində görüşdən böyük gözləntilər var. Eləcə də siyasətçilər də, bu günki görüşün Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin bağlanması istiqamətində dönüş nöqtəsi olacağını iddia edirlər.  

Redaktor.az-a görüşü şərh edərkən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, görüşlərin sayını artırmaqla Ermənistan status-kvonu saxlamaq istəıyir:

“Çox vacib və əhəmiyyətli bir görüşdür. Gözləntilərimiz də böyükdür, şünki hamımızı maraqlandıran, narahat edən məsələlər var. Artıq bu görüşlər iki ilə yaxındır ki, həm Avropa İttifaqının, həm də Rusiya dövlətinin vasitəçiliyi ilə davam edir. Müəyyən irəliləyişlərə nail olunub. Amma əsas məsələlər var ki, onların həlli hələ də gözlənilir və baş tutmayıb. Məsələn, ilk növbədə sülh sazişinin imzalanması üçün vacib olan tələblər və məsələlər var. Bunlar həll olunmalıdır. Nədir bunlar? Sərhədlərin delmitasiyası, demarkasiyası. Düzdür, bu komissiyalar hər iki dövlətin baş nazirlərinin müavinləri səviyyəsində yaradılıb. Artıq dünən Moskvada daha bir görüş baş tutub. Amma hələ ortada konkret bir samballı nəticə yoxdur. Laçın dəhlizi məsələsi elə deyilən gündən də həll olundu. Rusiya hərbi kontingenti gəldi və Laçın dəhlizi işlədi. Amma bu günə qədər Zəngəzur dəhlizindən bir xəbər yoxdur. Belə söz olaraq qalıb. Yəni Zəngəzur dəhlizinin açılması çox vacib məsələdir və 10 noyabr 2020-ci il tarixi imzalanmış sənəddə də öz əksini tapıb.”

Deputat onu da qeyd etdi ki, daha bir vacib məsələ yaxın günlərdə, yəni sentyabr ayının 2-də ermənilərin Azərbaycan dövlətinin ərazisində qondarma Dağlıq Qarabağ Respublikasının yardalmasının il dönümünü keçirməyi planlaşdırmasıdır:

“Bu qondarma respublika hələ də mövcudluğunu saxlayır və fəaliyyət göstərir. Bunun ləğv olunması, günahkarların , cinayətkarların cəzalandırılması məsələsi çox vacib məslədir.  Hələ də Azərbaycan ərazisində Ermənistan dövlətinə məxsus silahlı birləşmələrin tör-töküntüləri qalmaqda davam edir. Və digər müəyyən məsələlər də həllini gözləyir. Təbii ki, bu iki ilə yaxın müddətdə bunların həll olunmamasının əsas günahkarı Ermənistan dövlətidir. Götürdüyü öhdəlikləri yerinə yetirmir. Mən hesab edərdim ki, burada müəyyən günahlar da  vasitəçilərin üzərinə düşür. Birinci növbədə Rusiya dövlətinin üzərinə düşür. Çünki 10 noyabr 2020-ci il sənədində Rusiya dövlətinin prezidenti imzası ilə təsdiqlənmiş öhdəliklər var. Onlar da üzərinə götürdüklərini yerinə yetirməlidirlər.”

E. Məmmədov onu da əlavə etdi ki, Prezident İlham Əliyevin bu görüşdə həmişə olduğu kimi çox qəti, sərt mövqe ortaya qoyacağna əmindir.

“Konkret tarixverilməlidir ki, bu tarixdə bu məsələ həllini tapacaq. Yoxsa Ermənistan 30 il ATƏT-in vasitəçiliyi ilə danışıqlar və görüşlərlə vaxtı uzadırdıb status-kvonu qorunub saxlayırdısa, indi də buna çalışacaq. Amma artıq həmin Azərbaycan deyil. Bu gün Azərbaycan qalib dövlətdir. Azərbaycanın bu məsələləri həll etməyə həm siyasi iradəsi, həm də iqtisadi, hərbi gücü var. Əgər bu məsələlər belə görüşlər vasitəsilə həllini tapmayacaqsa, Azərbaycan onu həll etməyin yolunu çox yaxşı bilir. 44 günkük müharibədə Azərbaycan həlli yolunu aşkar göstərdi və lazım olsa, yenə də nümayiş etdirəcək.”

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən