Azərbaycan və Ermənistan deputatları görüşəcək? - AÇIQLAMA

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Budəfəki görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, münaqişə dövründə itkin düşmüş vətəndaşların axtarışı, ərazilərin minalardan təmizlənməsi, eləcə də nəqliyyat kommunikasiya vasitələrinin açılması kimi məsələlər müzakirə edilib və müvafiq razılaşmalar əldə olunub.
Brüssel görüşündən sonra vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən jurnalistlərin və deputatların görüşlərinin təşkil edilməsi təklifləri səsləndirilir. Hətta Azərbaycan və Ermənistan Parlamentlərarası İşçi Qrupunun yaradılması barədə fikirlər də var. Tərəflər arasında belə görüşlərin sülh prosesinə müsbət təsir göstərəcəyi ehtimal olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu xatırladıb ki, Brüssel görüşündə yekun sülh sazişi ətrafında müzakirələrin aparılması ilə əlaqədar razılığa gəlinib, bu mənada xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. XİN başçılarının görüşü sazişin mətninin hazırlanması ilə bağlı olacaq:
“Təbii ki, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında yekun sülh sazişinə doğru addım atılmış oldu. Ermənistanın da artıq manevr imkanlarının tam tükəndiyini gördük. Brüssel görüşünə qədər də Ermənistan müxtəlif vasitələrə əl ataraq sülh prosesini əngəlləməyə çalışırdı. Amma buna nail ola bilmədi. Brüsselin mövqeyi ondan ibarət oldu ki, xalqları uzunmüddətli sülhə hazırlamaq lazımdır.
Təbii ki, bu prosesdə cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı nəzərdə tutula bilər və bunun da müsbət təsiri ola bilər. Deputatların görüşlərinin keçirilməsi məhz Ermənistanın özündən asılıdır. Çünki Ermənistan sülh prosesinə hazır olduğunu, Azərbaycanın bununla əlaqədar şərtlərini qəbul etdiyini əməli olaraq göstərməlidir. Bütün hallarda Azərbaycanın gerçəkləşdirdiyi strategiya Ermənistanı sülhə məcburetmə strategiyasıdır”.
Deputatın fikrincə, Ermənistan tərəfi yenə kənardan müəyyən dəstəklər almağa cəhd edəcək, amma onların qəbul etdiyi gerçəklik budur ki, artıq manevr imkanları qalmayıb:
“Azərbaycan hər dəfə mövqeyini daha da gücləndirir. Sonuncu Brüssel görüşündən öncə biz Laçın dəhlizi üzərində tam nəzarəti bərpa etdik. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən ermənilər çıxarıldı və bunun ardınca, Brüsseldə görüş baş tutdu. Bu da Azərbaycanın əlavə gücünü təmin edən mühüm reallıqlar idi. Təbii ki, Azərbaycan hər yeni addımında addımlarını möhkəmləndirir və sülhə doğru addım atmağa məcbur edir. Bu istiqamətdə Azərbaycanın addımları getdikcə daha təsirli olur. Ümumilikdə sülh prosesinin irəli aparılması naminə Azərbaycan və Ermənistan rəhbərliyi, həm qanunverici orqanların nümayəndələri səviyyəsində müzakirələrin aparılması mümkündür. Ortada aydın məqamlar mövcuddur. Bu, Azərbaycanın irəli sürdüyü şərtlərdə öz ifadəsini tapıb. Ermənistan bunlara əməl etməlidir.
Azərbaycanın şərtləri ədalətlidir, haqlıdır. Ermənistan bu şərtlərə uyğun davranacaqsa, müxtəlif səviyyəli dialoqlar baş tutacaq. Yox, əgər Ermənistan yenə də istər siyasi, istər hərbi xarakterli təxribatlara cəhd edəcəksə, Azərbaycan Ermənistana yaxşı bəlli olan tərzdə davranacaq. Yenə də onları sülhə məcburetmə strategiyasını davam etdirəcək. Bundan əlavə, Azərbaycanın hərbi gücü, siyasi iradəsi düşməni yekun sülh sazişinə qədər addım atmağa məcbur edəcək. Ermənilər Azərbaycanın gücü qarşısında geri çəkiləcək, bizim haqlı, ədalətli tələblərimizə uyğun davranmaq məcburiyyətində qalacaqlar” (modern.az).