"10 min imza istənilirsə, buna təəccüblənməyə ehtiyac yoxdur" - Deputat

Xəbər verdiyimiz kimi, "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında yerləşdirilib.
Ciddi müzakirələrə səbəb olan layihəyə əsasən, iki dəfə seçki prosesində iştirak etməyən partiyaların qeydiyyatı ləğv olunacaq. Bundan başqa, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır.
Yeni qanun layihəsi ilə bağlı Redaktor.az-a danışan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev dedi ki, parlamentdə təmsil olunan siyasi partiyalar tərəfindən Milli Məclisin sədrinə “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklə bağlı təklif verilib və bunun ictimai müzakirəsi keçiriləcək:
“Bu qanunun qəbul edilməsi cəmiyyət, dövlət və siyasi partiyalar üçün əhəmiyyətli və vacibdir. İlk qanun 1992-ci ildə qəbul edilib. O gündən 30 il keçib, bir çox məsələlər baş verib, qanunlar dəyişib, dünyada, Azərbaycanda siyasət də dəyişib.
Biz müxalifət olaraq mitinqlərdə, yerlərdə və görüşlərdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik istəyirdik. Bununla bağlı Venesiya Komissiyasının da, beynəlxalq təşkilatların da təklifləri olub. Bildiyim qədər, həmin qurumların da təklif və tövsiyələri nəzərə alınıb. Əlavə olaraq, 20-dən çox ölkənin beynəlxalq təcrübəsi öyrənilib. Bu qanun siyasi camiənin maraqlarına cavab verə biləcək layihədir, hər kəs bundan razı qalacaq”.
Deputat bildirdi ki, siyasi partiya hakimiyyətə iddialı olduğuna görə, təbii ki, onun yaradılması ilə bağlı daha sanballı qanun olmalıdır.
"Buna görə də, bu cür qanunauyğun dəyişikliklərdən razıyam. İçərisində müəyyən mübahisə doğuracaq məqamlar ola bilər. Amma bu, ilkin versiyadır, Milli Məclisdə 3 oxunuşda müzakirə ediləcək. Təklif və tövsiyələr yenə də təqdim edilə bilər.
Siyasi partiya hakimiyyətə iddialıdır, prezident seçkisində iştirak etmək üçün 45 000 imza toplayır. Siyasi partiyanın qeydə alınması üçün də 10 min imza istənilirsə, buna təəccüblənməyə ehtiyac yoxdur. 10 milyon xalqın içərisində 10 min üzvlə siyasi partiya yaratmağa normal yanaşıram. Amma bu da son deyil, qanun hələ müzakirə ediləcək, tərəflər dinləniləcək”,- deyə R. Nurullayev söylədi.
Sonda millət vəkili əlavə etdi ki, bu qanunun hələ ilkin variantıdır və müzakirələrdən sonra digər məsələlər haqqında daha ətraflı danışmaq olar:
“Layihədə bir neçə məqam var ki, o məsələlər müzakirə ediləcək və daha sonra aydınlaşdırılacaq”.
Nərmin VÜQARQIZI