"Əsirlərin böyük əksəriyyəti Ermənistan tərəfinin işgəncəsi nəticəsində həlak olub" - Elman Nəsirov

 12:39 10.09.2022     1932

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə avqust 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilmiş ikitərəfli razılaşmaya əsasən sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisi həbsdən azad edilərək qarşı tərəfə təhvil verildi.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, ABŞ dövlət katibi Entoni Blinken də aralarında olmaqla bir çoxları Azərbaycanın ötən gün beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Maraqlıdır, Azərbaycan ərazisinə diversiya törətmək üçün gələn terrorçuların həbs dən azad olunmasını iki əllə alqışlayanlar, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar nədən Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər vətəndaşımızın qaytarılması barədə heç bir təşəbbüs göstərməyiblər?

Mövzu ilə bağlı Redaktor.az-a mövqeyini bildirən Milli Məclisin deputatı Elman Nəsirov dedi ki, Azərbaycanda heç bir əsir olmayıb. Həmin hərbçilər diversiya əməliyyatı həyata keçirərkən saxlanılıblar.

“Bütövlükdə keçən il 20-dən çox erməni hərbi diversantı məhz eyni məntiqlə Ermənistan dövlətinə təhvil verilib. Bəli, Azərbaycan məhz erməni diversantlarını Ermənistana humanizm prinsiplərinə görə geri qaytarır. Halbuki onlar heç bir halda hərbi əsir deyillər. Azərbaycanda bir nəfər də olsa erməni hərbi əsir yoxdur. 2020-ci ilin 10 noyabr tarixində müharibə bitib və ondan sonra Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatçı addımlara görə, diversant addımlara görə onlar saxlanılıb. İndi Buraxılan 5 erməni hərbi diversantı da 2021-ci ilin aprel ayında Azərbaycan ərazisinə Kəlbəcər-Laçın istiqamətindən keçib, diversiya hərəkətləri törətmək istəyərkən həbs ediliblər”.

Deputat qeyd etdi ki,  Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirtdiyi görüşün hər birində Azərbaycan prezidenti humanitar məsələlərin müzakirəsi kontekstində Azərbaycan Ermənistan münasibətində xeyirxah mövqe ortaya qoyub, humanizm prinsiplərindən çıxış edib.

“Eyni zamanda cənab Prezident vurğuladı ki, biz analoji addımı Ermənistandan da gözləyirik. Və xüsusilə ölkə prezidenti vurğulayıb ki, birinci Qarabağ müharibəsində dörd minə yaxın Azərbaycan vətəndaşının taleyi haqqında heç bir məlumat yoxdur. Onların kütləvi dəfn olunduğu yerlər barədə Ermənistan məlumat vermir. Əsirlərin böyük əksəriyyəti Ermənistan tərəfinin işgəncəsi nəticəsində həlak olub. Ermənistan bütün bunları bizdən gizlədir və geri qaytarmır.

Azərbaycan tərəfinin atdığı bu addım ABŞ Dövlət Departamenti və eyni zamanda Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilib. Ancaq başqa bir sual ortaya çıxır ki, bəs onda beynəlxalq təşkilatlar Ermənistanı niyə eyni addımı atmağa məcbur etmir? Bildiyimiz kimi, hələ də dörd minə yaxın Azərbaycan vətəndaşının taleyi haqqında heç bir məlumat vermək istəmirlər. Bu məsələ hələ də açıq qalıb. Hər dəfə Ermənistan bu sualdan yayınır və konkret bir cavab vermir. Bu artıq ikili standartlardır. Beynəlxalq birlik bu davranışı ilə ikili standart necə olur sualına cavabını verir. Biz də öz mövqeyimizdən çəkiləsi deyilik. Və Ermənistanla sülh müqaviləsi imzalaması bizim üçün prioritet məsələ olsa belə dörd minə qədər soydışımızın taleyi ilə bağlı məsələyə tam aydınlıq gətirməlidir. Ermənistan da buna görə hüquqi müstəvidə məsuliyyət daşımalıdır”,- deyə deputat vurğulayıb.

Nərmin VÜQARQIZI