“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Ermənistanı sərt qınadı

 15:43 14.09.2022     2086

 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti cari ilin 13 sentyabr tarixində erməni tərəfinin Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi təxribat nəticəsində 50 azərbaycanlı hərbçinin şəhid olması xəbərindən dərin təəssüf hissi keçirdiyini və Azərbaycan xalqına başsağlığı verdiyini bəyan edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi məktubda bildirilib.

"Hesab edirik ki, Ermənistan tərəfi Rusiya Federasiyası-Ermənistan və Azərbaycan dövlət başçılarının 2020-ci il 9 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsini təmin etməli, hərbi avantüra, təxribatlara son qoymalı, Ermənistana məxsus Azərbaycanın dünya səviyyəsində tanınmış Qarabağ iqtisadi rayonundan öz hərbi birləşmələrini dərhal çıxarmalı, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə təcili başlamalıdır.

30 ildən sonra Ermənistan işğalından azad edilən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə dinc azərbaycanlı əhalinin qayıdışına və burada vəhşicəsinə dağıdılmış, minalanmış ərazilərdə bərpa işlərinin aparılmasına mane olmamalıdır.

İnanırıq ki, Ermənistan imzalanan sənədlərə, beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşacaqdır.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti bir daha haqq və ədalətli işində Azərbaycan xalqının yanında olduğunu və tezliklə regionda sülhün bərpa olunacağına ümidini ifadə edir", - deyə Erkin Nuriddinov qeyd edib.