Ermənistan hərbi təxribatlarının nəticələrini görməli və bu cəhdlərə son qoymalıdır - Ağalar Vəliyev

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətlərində Ermənistan tərəfindən başladılan təxribatlar və bunun nəticəsində bölgədə yaranmış gərginlik rəsmi Yerevanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdlərinin nəticəsidir. İşğalçı Ermənistan Azərbaycanın Vətən müharibəsində azad etdiyi ərazilərində apardığı tikinti-quruculuq və bərpa işlərini həzm edə bilmir, beynəlxalq aləmdə ölkəmizə qarşı kampaniya aparır, irəli sürdüyümüz təşəbbüsləri, təqdim etdiyimiz sülh gündəliyini sabotaj edir.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili diqqətə çatdırıb ki, Ermənistan, həmçinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır. Sentyabrın 12-13-də baş verənlər 2020-ci ilin iyulunda Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribat nəticəsində yaranan vəziyyətlə analogiya təşkil edir. Vətən müharibəsindən əvvəlki dövrdə Ermənistanın “yeni torpaqlar üçün yeni müharibə” strategiyası hazırda təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı ifadə etdiyi faktiki olaraq “yeni hərbi qarşıdurma iddiası” ilə əvəzlənib.
Deputat qeyd edib ki, baş verən hadisələr Ermənistanın uzun müddətdir revanşa hazırlaşdığını, bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaratdığını göstərir. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu, bu ölkədə revanşist ab-havanı yenidən qızışdırdı. Hazırda sülhün əleyhdarları Yerevan küçələrinə çıxaraq müxtəlif şüarlar səsləndirirlər. Görünən odur ki, son təxribatlar bölgədə həyata keçirilən sülh prosesini pozmağa yönəlmiş məkrli addımlardır. “Çünki üçtərəfli görüşlər zamanı əldə edilmiş razılaşmalar Ermənistanı o qədər də qane etmir”, - deyən A.Vəliyev diqqətə çatdırıb ki, belə bir vəziyyətdə Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək, öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. İşğalçıların son təxribatlarının da qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı və düşmən ağır itkilərə məruz qoyuldu. Ermənistan hərbi təxribatlarının nəticələrini görməli və bu cəhdlərə son qoymalıdır. Son təxribatlarının qarşısının alınması zamanı əsgər və zabitlərimiz doğma Vətənimizin müdafiəsi, düşmənin yeni hərbi təcavüzünə imkan verməmək üçün öz canlarını qurban verdilər. Onlar bir daha göstərdilər ki, Vətənə qarşı atılan istənilən addımın, törədilən hər bir təxribatın qarşısını almağa qadirdirlər.
Parlamentin deputatı bildirib ki, Ermənistanın sərhəd boyu törətdiyi təxribatlar təkcə bu ölkənin məkrli niyyətini deyil, həm də öz içimizdəki müxalif qüvvələri, xainləri üzə çıxardı. Özlərini müxalifət hesab edən, amma müxalifət kimi heç bir normal fəaliyyəti olmayan, əslində isə xarici dairələrin maraqlarına xidmət göstərən “sapı özümüzdən olan baltalar” ölkəmizin, dövlətimizin böyük uğurlar qazandığı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyi bir zamanda yenidən baş qaldırıblar. Ərazilərimiz işğal altında qaldığı 30 il ərzində dövlətimizi qətiyyətsizlikdə ittiham edən qüvvələr bu gün Azərbaycan Ordusunu “təcavüzkar” addımlar atmaqda günahlandırırlar. “Düşmən dəyirmanına su tökən” belə ünsürlərin ermənilərin törətdikləri təxribatları Azərbaycanın adına yazmaq cəhdləri onların kimliyini ortaya qoyur.
Erməni lobbisinin sifarişi ilə hərəkət edən dırnaqarası tarixçilərin, ekspertlərin Azərbaycana nifrət bəslədiklərini gizlətmədiklərini qeyd edən millət vəkili deyib: “Müxtəlif antimilli layihələrdə mühüm rol oynamaq üçün ciddi cəhdlər göstərən həmin insanlar reallıq hissindən o qədər uzaqlaşıblar ki, onlar artıq hansı məqsəd uğrunda mübarizə apardıqlarını belə unudublar. Yeganə məqsəd isə hər vəchlə Azərbaycan hakimiyyətinə qarşı çıxmaq, aparılan uzaqgörən, müdrik siyasətə, qazanılmış bütün nailiyyətlərə kölgə salmaqdır”.
Ağalar Vəliyev vurğulayıb ki, müxaliflərin ölkəmizə qarşı bu qarayaxmaları, sərt mövqeləri ən azı şəhidlərimizin ruhuna hörmətsizlikdir. Çünki “Torpaq uğrunda ölən varsa, vətəndir!”. Bu torpaq uğrunda canlarını fəda edən insanların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Azərbaycan xalqı nəyin bahasına olursa-olsun öz torpağının bir qarışını da heç kəsə güzəştə getməyəcək. Antimilli ünsürlərin ölkəmizin qalib imicinə xələl gətirmək cəhdləri bağışlanmazdır. Vətəndaşı olduğu ölkənin müdafiəsini, ərazi bütövlüyünü təmin edən şanlı Silahlı Qüvvələrimizi ermənilərin təxribatlarının qarşısını almaqda günahlandırmaq Vətənə xəyanət etməkdir. Onlar dərk etməli və anlamalıdırlar ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər bir addımın qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Nərmin VÜQARQIZI