“Ermənistanın müharibəyə hazırlaşması onun sonunu gətirəcək” - Deputat

 19:19 16.09.2022     305

Ermənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi kommisarlığa müraciət edə bilərlər”, - deyə o, bildirib.

Özü iclasda bunun ümumi səfərbərlik olmadığını desə də, aşkar görünür ki, Paşinyan ordunun sayını artırmaq üçün qeyri-rəsmi ümumi səfərbərlik elan edir. Bu da artıq Ermənistanın faktiki olaraq müharibə çağırışıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Hikmət Babaoğlu bildirdi ki, hazırda Ermənistanda vəziyyət olduqca çətindir.

“Əslində sentyabr ayının 12-də törədilən sonuncu təxribatdan sonra doğrudan da Ermənistanda vəziyyət gərginləşib. Bu da onların uğursuz təxribatları ilə əlaqəlidir. Təxribatları hazırlayarkən hesab edirdilər ki, müəyyən uğur qazanacaqlar. Paşinyan hesab edirdi ki, heç bir uğursuzluq ola bilməz və baş verən təxribat yenidən daxili siyasətə, yəni , Ermənistanın daxili siyasətinə bumeranq kimi dönə bilməz. Azərbaycan əsgərinin gücü və qətiyyəti sayəsində bu təxribatlar onlara çox baha başa gəldi”,- deyə deputat dedi.

Siyasətçi qeyd etdi ki, Azərbaycan əsgərinin cavabı xüsusən radikal və revanşistlər üçün ayrıca dərs mahiyyətində oldu:

“Çünki onlar hesab edirdilər ki, radikal addımlar atmaqla Azərbaycanı nəyəsə məcbur etmək olar. Buna görə də hazırda Ermənistanda təzyiqlər altıda hərbi səfərliyə çağrılma məsələsi gündəmə gəlibdir. Ancaq biz bilirik ki, Ermənistan hökuməti bundan imtina edibdir. Ümumi hərbi səfərbərlik olmayacaq. Sadəcə Paşinyan hər bir vətəndaşın xidmət etmək və könüllü hərbi xidmətə cəlb olmaq hüququna istinad edərək deyir ki, kim istəyirsə müraciət edə bilər. Bu, əvvəlcədən ümumi qaydada olan bir qanundur. Ayrıca bir hərbi səfərbərlik yoxdur. Buna görə də, düşünürəm ki, hazırki vəziyyətdə Ermənistanın müharibəyə hazırlaşması ağılsızlıq olardı və baş tutmayan Ermənistan dövlətinin dağılmasına gətirib çıxarardı”.

Nərmin VÜQARQIZI