"Nensi Pelosi necə müəyyən edib ki, kim təcavüzkardır" - Deputat

 14:58 19.09.2022     768

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri zamanı Azərbaycan əlehyinə bəyanat verib.

Amerikalı siyasətçi iddia edib ki, Azərbaycan tərəfindən Ermənistanın ərazisinə və suverenliyinə hücum olub.

"Ermənistan bizim üçün önəmlidir. Konqres adından Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik"

Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb. Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir" - Pelosi əlavə edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Nensi Pelosinin Ermənistana tək tərəfli səfəri ABŞ-n Cənubi Qafqazda tarazlıq siyasətinə və sülh istiqamətində əməkdaşlıq səylərinə kölgə salır.

“Ancaq bu məsələnin yalnız bir tərəfidir. Nensi Pelosi bu azmış kimi üstəlik Azərbaycanın ünvanına qeyri-obyektiv və əsassız ittihamlar səsləndirir. Onun açıqlamalarından aydın olur ki, Nensi Pelosinin region və ən son törədilən erməni təxribatı haqqında məlumatları birtərəflidir və erməni təbliğatının təsiri altında formalaşıb. Əslində, 85 yaşlı siyasətçinin qondarma erməni soyqırımı haqqında səsləndirdiyi fikirləri də nəzərə alsaq aydın olar ki, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kompaniyasının tərkib hissəsi kimi görür. Çünki yaxın zamanlarda Nümayəndələr Palatasına ara seçikiləri keçiriləcək və yeni tərkibdə formalaşan heyətə spiker seçilən zaman ermənipərəst nümayəndələrdən səs almaq lazım olacaq. Görünür bu səslər Pelosinin yenidən spiker olması üçün çox vacibdir. Ona görə də Pelosi Ermənistanda ərazi bütövlüyü, insan hüquqları haqqında danışan zaman hesab edir ki, ermənilərin rəğbətini qazana bilər və bu rəğbət ona ABŞ-da yaşayan erməni lobbisinin səsi və dəstəyi kimi dönər”,- millət vəkili dedi.

Deputat vurğuladı ki, amerikalı spikerin Azərbaycanı təcavüzkar adlandırması, səsləndirdiyi fikirlər əsassızdır və qeyri-obyektivdir:

“Ancaq Nensi Pelosi üçün doğurdan da insan hüquqları, demokratiya, ərazi bütövlüyü prinsipi belə qiymətli dəyərlər idisə nəyə görə iki il bundan qabaq Azərbaycana səfər edib ərazi bütövlüyünün vacibliyi haqqında Ermənistana mesaj vermədi. Bir milyon qaçqın və məcburi köçkünlərin hüququndan danışmadı. Əgər ərazi bütövlüyü məsələsi prinsipial idisə, nəyə görə vətəndaşı olduğu ölkə ABŞ-ın Çini vahid Çin olaraq tanıdığı halda bir müddət öncə Tayvana səfər edərək dövlətinin rəsmi siyasətini etibarsızlaşdırdı. Göründüyü kimi məsələ ərazi bütövlüyü məsələsi deyil. Azərbaycan da heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib. Əgər iki ölkə arasında sərhədlər hələ delimitasiya edilməyibsə, görəsən, Nensi Pelosi necə müəyyən edib ki, kim təcavüzkardır. Ona görə də, Azərbaycanın ünvanına səsləndirilən fikirlərin heç bir obyektiv əsası yoxdur və biz belə əsasız fikirləri qətiyyətlə qınayırıq”.

Nərmin VÜQARQIZI