"Nensi məqsədli şəkildə Ermənistanın mövqeyini müdafiə edir" - Aydın Mirzəzadə

İrəvanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi son sərhəd toqquşmasında Azərbaycanı günahlandırıb, onu Ermənistan ərazisinə "qanunsuz hücumda" ittiham edib.
O iddia edib ki, Azərbaycan tərəfindən Ermənistanın ərazisinə və suverenliyinə hücum olunub.
Məsələ ilə bağlı Redaktor.az-a münasibət bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Nensi Pelosinin Ermənistanda söylədiyi ifadələr tamamən əsassız və qeyri-obyektivdir.
“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri iki ölkə arasındakı münasibətlərə həsr edilsə idi, Azərbaycan üçün heç bir təsiri olmazdı. Ancaq iş ondadır ki, ABŞ Parlamentinin sədri Ermənistanda olarkən Azərbaycanla bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan çıxışlar etdi. Əlbəttə ki, Azərbaycan bunu qəbul edə bilməz və Xarici İşlər Nazirliyimiz də dünən bu məsələyə öz etirazını bildirdi”,- o, dedi.
Millət vəkili hesab edir ki, ABŞ rəsmisinin bu cür çıxışları Azərbaycan və Ermənistan münasibətlərinə heç cür müsbət təsir edə bilməz:
“Nensi ya Ermənistan-Azərbaycan münasibətləri barəsində məlumatsızdır, ya da məlumatı var, məqsədli şəkildə Azərbaycana qarşı işğalçılıq və təcavüzkar siyasət yeridən Ermənistanın mövqeyini müdafiə edir. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı. Erməni dövləti bu gün bizlə sülh müqaviləsi bağlamaq istəmir, vaxtaşırı Azərbaycana qarşı təcavüzlər edir və bununla bağlı Azərbaycan və dünya mətbuatında məlumatlar var. Amma xanım Pelosi bunlara göz yumaraq Ermənistana aid olan epitetləri Azərbaycana qarşı istifadə edir. Buna kəskin etiraz edir, ABŞ rəsmilərinin ölkəmizə qarşı obyektiv mövqe göstərmələrinə çağırırıq.
Hesab edirik ki, bu cür çıxışlar heç də iki ölkə arasındakı münasibətlərə müsbət təsir edə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü, suveren hüquqlarını müdafiə edir. Bu məsələdə biz dünya dövlətlərinə, ilk növbədə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən obyektiv münasibət gözləyirik. ABŞ-dakı seçkiqabağı gərginliyin regiona keçirilməsinin əleyhinəyik və Demokratlar Partiyasının bu məsələdə obyektiv münasibət göstərməsini istəyirik. Azərbaycanın daxili işlərinə yönəlmiş hansısa qeyri-obyektiv məlumatların yayılması dövlətimizin suveren hüquqlarını qorumaqdan çəkindirə bilməz”.
Nərmin VÜQARQIZI