"İran mollaları hicabı xanımlara zorla bağlatdırırlar" - Zərdüşt Əlizadə

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar davam edir.
Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a İranda son günlər baş verən iğtişaşlardan və bunun doğuracağı nəticələrdən danışıb.
“Bütün hadisələrdə etnik amil mühüm rol oynayır. Bu hadisənin başlanmasının səbəbi o olub ki, bir kürd xanım öz bölgəsindən kənara səfər edib və əxlaq polisi onu saxlayaraq baş örtüsünün düzgün olmadığını deyib. O, etiraz edəndə ki, “Özüm bilərəm”, polis onu döyüb və döyülməyinin nəticəsində də vəfat edib. Və bundan sonra həmin xanımın şəhərində və Gülüstanın digər ərazilərində camaat etiraza çıxıb. Həmişə olduğu kimi polis atəş açıb 5 nəfər ölüb, nə qədərsə adam yaralanıb. Başqa şəhərdə də 2 adam ölüb və s. Ona görə də, bu iğtişaşlar genişlənib. Bu hadisələr İran Kürdüsdanında, yəni kürdlərin yaşadığı ərazilərdə baş verib", - deyə politoloq qeyd edib.
İğtişaşlarda daha çox farsların və kürdlərin iştirak etdiyinə toxunan Zərdüşt Əlizadə hesab edir ki, İrandakı azərbaycanlılar iğtişaşlara qoşulmasalar yaxşıdır:
“Onlara nə gəlib ki, iğtişaşçılara qoşulsunlar, qoy elə tamaşa etsinlər. Amma bütövlükdə İran cəmiyyətində hicabın zorla qadınlara sırınması ənənəsinə əhalinin kəskin etirazı var. Xanımlar istəmir. Dində zor yoxdur. Bunu İran mollaları pozurlar və hicabı xanımlara zorla bağlatdırırlar. Kim istəyir hicab saxlayar, kim istəyər saxlamaz. Bu, fərdi azadlıq və qərar məsələsidir. Mollaların böyük siyasi səhvidir. Və bu siyasi qərarın nəticəsində dini islamizim sarsılır”.
Həmidə İbrahimova