"Rusların oğulları, ərləri Ukraynadan tabutda və ya əlil qayıdanda, bəlkə ağılları başlarına gələr"

“Qismən səfərbərlik elan edilməsi o deməkdir ki, artıq qanunvericilikdə, qanunlarda dəyişiklik olmalıdır. Yəni dayanan yerdə səfərbərlik elan edilmir. Ya hərbi vəziyyət elan etməli, ya da deməlidir ki, Ukraynada aparılan əməliyyat xüsusi əməliyyat deyil, müharibədir. Bunu etmirsə, deməli bu qanun pozuntusudur. Ola bilər, onlar bunu etməsin, çünki Rusiyada qanunların pozulması adi hal alıb. Heç kim qanunun aliliyinə diqqət etmir”.
Bu fikirləri Redaktor.az-a Rusiyada qismən səfərbərlik elan edilməsi ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə dedi. Onun fikrincə, Rusiyanın Ukraynada apardığı "xüsusi əməliyyat" nəticəsiz qalıb.
“Rusiyada elan edilmiş səfərbərlik o deməkdir ki, onların Ukraynada apardığı "xüsusi əməliyyat" uğursuzluğa düçar olub. Buna görə də, "xüsusi əməliyyat" əvəzinə hansısa müharibə gedir. Bu Qərbin vecinə deyil. Nə olur olsun bu Rusiya cəbhədə Qərblə yox, Ukrayna ilə döyüşür. NATO ölkələrinin əsgərləri cəbhədə yoxdur. Yalnız Ukrayna döyüşür. Sadəcə Qərb Ukraynaya göstərilən hərbi, maliyyə və siyasi yardımını artıracaq.
Rusiya isə özü bilər. Dünənə qədər saxta vətənpərvərlik hissləri ilə Putinin cani hərəkətlərini dəstəkləyən rusların uşaqlarını, oğullarını, ərlərini orduya çağırıb Ukraynaya göndərəndən sonra tabut şəklində və ya əlil qayıdanda bəlkə ağılları başlarına gələr. Amma düşünmürəm ki, Üçüncü Dünya müharibəsi başlayar. Bu, boş söhbətdir”,- deyə o, söylədi.
Bununla belə, Z. Əlizadə bildirdi ki, Rusiya indiki halda canlı qüvvəsinin sayını artırmağa çalışır:
“Rusiya istəyir ki, həm canlı qüvvəsinin, həm də qoşunlarının sayını artırsın. Rus əsgəri Ukraynaya gəlib döyüşlərdə iştirak etdiyi zaman ətrafında əsgər yoldaşlarının həlak olduğunu gördükdən sonra özünə sual verəcək ki, mən burda nə edirəm? Niyə həyatımı puç edirəm? Ukrayna əsgəri isə bilir ki, Vətənini, dövlətini, ailəsini, evini müdafiə edir. Rus kimi müdafiə edir, nəyin bahasına öz canından keçir?
Rus əsgəri Ukraynada qanunsuz olaraq mövcuddur. Onun fəaliyyəti qanuna və məntiqə ziddir. Buna görə də, Rusiya əsgərlərinin sayını nə qədər artırsalar da, əminəm ki, son nəticədə Ukraynanın qələbəsi qaçılmazdır. Rusiya isə məğlubiyyətə məhkumdur”.
Nərmin VÜQARQIZI