"Göyçə-Zəngəzur Respublikasının elan edilməsi provakasiyadır" - Qafar Çaxmaqlı

Xəbər verildiyi kimi, Qərbi Azərbaycana Qayıdış Birliyi Ali Məşvərət Şurası Göyçə-Zəngəzur Respublikasının yaradıldığı ilə bağlı bəyanat yayıb.
Qeyd edək ki, belə bir “respublikanın” elan edilməsi Azərbaycanda birmənalı qarşılanmır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı hesab edir ki, bu, əslində provokasiya xarakteri daşıyır:
“Biz bu provokasiya ilə bağlı İrəvan-Türk Cümhuriyyəti olaraq açıqlama vermişik. Bildirmişik ki, bu qəbuledilməz bir addımdır. Millətin bir elan etdiyi cümhuriyyət var, o da İrəvan Türk Cümhuriyyətidir. İkinci bir şeyin hər hansı bir bölgə ilə bağlı elan edilməsi sadəcə provokasiyadır. Fərqli dairələr və qaranlıq adamlarla əlaqə saxlayıb belə bir şey edirlər. Biz bunu qəbul etmirik və tanımırıq”.
Onun fikrincə, belə bir addımın atılması bölücülükdən başqa bir şey deyil.
“Yəni bir milləti bölmək üçün bundan başqa addım mən düşünə bilmirəm. Bu, nəinki bölücülük, hətta bir az daha ötəyə gedib millətin milli maraqlarına zərbə vurmaqdır. Bu səbəbdən də biz qəbul etmirik və tanımırıq. İrəvan-Türk Cümhuriyyəti var, elan olunub. Həmin şəxsin özü də (Göyçə-Zəngəzur Respublikasını yaradan Rizvan Talıbov nəzərdə tutulur - red.) bu heyətin tərkibində idi. Sonra burdan çıxıb gedib, acıq edib başqa hərəkətlər etmək qəbuledilməzdir”, - deyə Qafar çaxmaqlı bildirdi.
Nərmin VÜQARQIZI