"Dəmir yumruq” yerindədir! - Bunu heç kim unutmasın

Hər birimizə məlum olduğu üzrə sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib.
Prezident cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında, Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini sammit iştirakçılarının diqqətinə çatdırmışdır. Prinsiplər aşağıdakılardan ibarətdir.
1. Hər iki dövlətin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Hər iki dövlətin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bu şərtlərə baxmayaraq Ermənistan tərəfi sülh prosesinə süni əngəllər yaradır. Belə təxribatlardan biri də sentyabr ayının 13-də baş vermişdir. Erməni tərəfinin genişmiqyaslı hərbi təxribatının qarşısı Azərbaycan ordusu tərəfindən müvəffəqiyyətlə alınmışdır. Ermənistan tərəfinin belə təxribatları iki ölkə arasındakı normallaşdırma prosesinə ağır zərbə vurur. Belə təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Vətən müharibəsindən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən Ordumuzun inkişafı üçün yeni addımlar atılıb. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan tərəfi sərhədlərin müəyyən edilməsi işində vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq.
Prezident cənab İlham Əliyevin bildirdiyi kimi: Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının Sədr müavini