“Ermənilər bundan sonra bizə qarşı təxribatlar törədə bilməyəcək” - Deputat

 18:08 22.09.2022     387

“Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

Bunu ötən gün Laçındakı səfəri zaman Prezident İlham Əliyev deyib.

Dövlət başçısının bu fikirlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, dövlət başçısının çıxışı postmüharibə dövründə 2 il müddətində Ermənistanla baş verənlərin bir növ xülasəsi idi.

“Azərbaycan Prezidenti Laçındakı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu çıxışdan bir daha aydın oldu ki, Ermənistan yenidən danışıqları imitasiya etməyə başlayıb. Azərbaycanın sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipini qəbul etməsinə baxmayaraq, bunun realizə olunması üçün heç bir addım atmır. Üstəlik sərhədlərin delimitasiyası ilə bağlı ilkin razılaşmanın əldə olunmasına baxmayaraq, real müstəvidə bu yöndə addımlar atmır. Sərhədlərin delimitasiya olunmadığı təqdirdə, Ermənistan Azərbaycanı heç vaxt mövcud olmayan sərhədlərin pozulmasında ittiham edə bilməz. Prezident də qeyd etdi ki, biz öz torpaqlarımızdayıq”.

Millət vəkili söylədi ki, sonuncu erməni təxribatına verilən layiqli cavabdan sonra ərazidəki bütün yüksəkliklər Azərbaycanın nəzarətinə keçib:

“Murovdan Araza qədər olan ərazidəki hərbi strateji yüksəkliklərə hazırda Azərbaycan ordusu nəzarət edir. Bu, o deməkdir ki, bizim yüksəkliklərin önündə ondan daha yüksək ərazi olmadığına görə ermənilər bundan sonra bizə qarşı təxribatlar törədə bilməyəcək. Çünki Ordumuzun tutduğu yüksəkliklərdən sonra ərazidə coğrafi nöqteyi-nəzərdən ovalıqlar mövcuddur. Bu da ona imkan verir ki, həmin ovalıqlara nəzarət etməklə həm düşmənin davranışlarını, həm də düşmən ölkənin içərisində olan kommunikasiyaları vizual nəzarət altında saxlayaq. Bu, şübhəsiz ki, hərbi strateji nöqteyi-nəzərdən böyük üstünlükdür.

Prezidentimiz Azərbaycan dövlətinin sülhpərvər ölkə olduğunu vurğulayaraq bildirdi ki, ümid edirik ki, 13 sentyabr tarixindən sonra ermənilər törətdikləri təxribatlara aldıqları cavaba uyğun olaraq adekvat nəticələr çıxaracaqlar və sərhədlərin delimitasiya, demarkasiyası üçün real addımlar atacaqlar. Azərbaycan buna hazırdır. Əgər Ermənistan real sülh istiqamətində addımlar atmayacaqsa, təxribatlarına qarşı eyni qətiyyətlə cavab veriləcək”.

Nərmin VÜQARQIZI