"Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər" - Fazil Mustafa

 19:55 22.09.2022     539

"İranın ölkəmizdə təxribat üçün nəzərdə tutulan onlarla feysbuk, tik-tok və instaqram səhifəsi fəaliyyət göstərir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb. 

Millət vəkili bildirib ki, bir çox səhifələrdə çıxışları Qumda satqın azərbaycanlıların idarə etdiyi "peşəkar aftafalar" tərəfindən təhrif edilərək, yaxud da kollajlar və karrikaturalar formasında hazırlanaraq  paylaşılır.

"Bəzən də şəhid ailəlrinin hisslərinə toxunacaq vasitələrə də əl atırlar. Ermənilərin dostu olan bu İslam adına yamaq ünsürlərlə Vətənimiz və dövlətimiz naminə mübarizəmiz onsuz da səngiməyəcək, ancaq ayıq-sayıq olmalıyıq, çox zaman cahil insanları tovlayıb öz paylaşdıqları təfrif olunmuş materialların altında təhqiramiz rəylər də yazdırırlar. Bu səhifələrdə düşmənlə bir mövqedən çıxış edən milli cahillərimizi də hüquq-mühafizə orqanlarımız ciddi diqqətdə saxlamalıdır. Ancaq hər bir vətəndaşımız da erməni təhlükəsinə baxdığı kimi hər bir irançı təzahürə də eyni diqqətlə baxmalıdır. Burada düşmən mövqeyindən rəy yazanlara, bəyənənlərə əsgərimizə arxadan atəş açacaq potensial satqın kimi baxılmalıdır. Bu irançılar  təsadüfən erməni ilə bir cinahda deyillər", - deyə Fazil Mustafa bildirib. 

T. İSMAYIL