"Məğlub olan təkcə Ermənistan deyil" - Fərəc Quliyev
“Biz bugünkü qürurlu günlərimizi şəhidlərimizin hesabına yaşayırıq".
Bu sözləri Redaktor.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, keçmiş deputat Fərəc Quliyev 27 Sentyabr Anım Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.
Siyasətçi qeyd edib ki, millətimiz otuz il sıxıntı içərisində yaşayıb.
"Biz özümüzdən qat-qat zəif düşmənin, yəni Ermənistanın qarşısında başı uca davrana bilmirdik. Hərçənd bilirdik ki, onların qəti qələbəsi öz hesablarına deyil. Arxalarında dayanan böyük güclərin hesabınadır. Amma Azərbaycan ordusu, Azərbaycan xalqı toparlandı və Ali Baş Komandanın rəhbərliyi ilə fövqəladə bir hadisə baş verdi. Biz Ermənistanı və onun arxasında duran bütün qüvvələri məğlub etdik. Məğlub olan təkcə Ermənistan deyil. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməklə millətin özünə inamını qaytarmışıq. Millətin başı uca tutuldu. Bu günümüzü şəhidlərimizə, qazilərimizə borcluyuq. Bütün xalqımız savaşdı. Hərə əlində imkanı nədisə, onu etdi. Hər adi sıravi əsgərimizdən, adi vətəndaşımızdan tutmuş Ali Baş Komandana kimi hamı fədakarlıq etdi. Mən bir daha millətimizə başsağlığı verirəm və hesab edirəm ki, şəhidlərin qanı ilə suvarılmış bu qələbə qorunacaqdır. Əldə olunmuş naliyyətləri qorumalıyıq və onları daha da irəlilətməliyik”, - deyə Fərəc Quliyev vurğulayıb.
Həmidə İBRAHİMOVA












