"Azərbaycan sülh istəyir və buna nail olmağa çalışacaq” - Deputat

 16:01 27.09.2022     720

“90-ci illərin əvvəllərində, yəni tam olaraq 1988-93-cü illərdə qonşu Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi apararaq onun torpaqlarının 20 faizini işğal etmişdi. 1993-ci il aprel ayından noyabr ayına qədər olan müddətdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ermənilərin qeyd-şərtsiz Azərbaycan torpaqlarının azad edilməsilə bağlı qəbul etdiyi 4 qətnamə ötən 30 il müddət ərzində yerinə yetirilməmişdi. Bütün bunlar azmış kimi Ermənistan Azərbaycana qarşı beynəlxalq müstəvidə və sivil Azərbaycan vətəndaşlarına qarşı təxribatlar törətməklə öz təcavüzünü sürdürmüşdü.”

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Siyasətçi xatırlatdı ki, 2020-ci ilin iyul ayın 13-ü və 14-də Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək Azərbaycanın Avropanın alternativ enerji təhlükəsizliyini təmin edən neft və qaz kəmərlərini atəş altına almışdı:

"Belə olan halda Azərbaycan beynəlxalq hüququ, eyni zamanda BMT-nin qəbul etdiyi dörd qətnaməni yerinə yetirmək üçün müstəqil qərar qəbul edərək erməni işğalçılarına layiqli cavab vermək, beynəlxalq hüququ bərpa etmək, öz ərazi bütövlüyünü təmin etmək üçün mübarizəyə qalxdı. Və 44 gün davam edən müharibədə Azərbaycan ordusu onun beynəxalq hüquqla tanınan sərhədlərinə çıxaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Nəticədə Cənubi Qafqazda ermənilər tərəfindən pozulan sülhün və inteqrasiyanın təmin olunması üçün əlverişli zəmin yarandı. Rusiya Federasiyasının təminatçılığı və vasitəçiliyi ilə 2020-ci il 10 noyabrda Ermənistanın baş naziri, Azərbaycan prezidenti və Rusiya Federasiyası prezidenti arasında üç tərəfli bəyanat imzalandı”.

Hikmət Babaoğlu onu da qeyd etdi ki, üçtərfli bəyanatın imzalanmasına baxmayaraq Ermənistan hələ də öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

“Bəyanat mövcud şərtlərdə hələ də Azərbaycan ərazisində qalan erməni silahlı birləşmələrinin tamamilə Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Bununla bağlı Ermənistanın baş naziri öhdəçilik götürdü. Eyni zamanda kominikasiyaların açılmasını və münaqişəyə qədərki dövrdə olan demoqrafik balansın bərpa olunmasını özündə əks etdirirdi. Lakin ermənilər bu günə qədər də götürdüyü öhdəçilikləri yerinə yetirmir. Ermənistanın Baş naziri Nikol Paşinyan kominikasiyaların açılmasını qəbul etmir. Eyni zamanda, hələ də Azərbaycan ərazisində erməni icmasının yaşadığı yerlərdə, yəni Qarabağda Ermənistan silahlı birləşmələri var. Bu, beynəlxalq hüququn pozulmasıdır və Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsidir. Bütün bunlar azmış kimi Azərbaycan ərazisində yaşayan ermənilər üçün, Ermənistana sərbəst gediş-gəliş üçün Laçın dəhlizi yaratmaqla və onların təhlükəsizliyini təmin etməklə şərtlər formalaşdırmağa baxmayaraq, Azərbaycanın qərb rayonlarının və Naxcıxan Muxtar Respublikasına Ermənistan ərazisindən keçəcək dəhlizin açılması ilə bağlı heç bir addım atmır. Və Azərbaycanın bununla bağlı tələblərini Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Belə olanda bəs necə olur ki, Azərbaycan ermənilərə dəhliz verir və bunu Ermənistanın işğalı kimi qəbul etmir? Amma Ermənistan bunu özünə qarşı ərazi iddiası hesab edir. Göründüyü kimi, müharibədən dərhal sonra qalib dövlət kimi Azərbaycanın sülh təklif etməsini və beynəlxalq hüquqa söykənən beş baza prinsip irəli sürməsini Ermənistan qeyri-ciddiyə alır və regionda sülh istəmir", - deyən deputatın sözlərinə görə, bunun da çoxsaylı səbəbləri var:

"Səbəblərdən biri Ermənistanın daxilində olan revonşist və radikal qüvvələrdir. Paşinyanın siyasi komandasının səmərəli fəaliyyət göstərməməsi və sülh istəməməsidir. Başqa bir səbəb isə xaricdə olan bəzi mərkəzlərin Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının rəqabət meydançalarına çevirmək cəhdləridir. Ancaq buna baxmayaraq, Azərbaycan sülhdə və komnikasiyaların açılmasında israr edir və yalnız mümkün inteqrasiya və komnikasiyaların açılması nəticəsində Qafqaza daimi və uzun müddətli sülh gəlməsini gündəmdə saxlayır. Çox təəssüf ki, bir neçə gün bundan öncə Ermənistanın baş naziri Azərbaycanın sülh şərtlərini heçə endirəcək iddialarla çıxış etdi. BMT Baş Assambliyasının 77-ci sessiyasında çıxış edərkən yenə də sülh mesajları vermədi. Ancaq Azərbaycan bütün hallarda qalib ölkə kimi və Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya yaradan güclü dövlət kimi sülhdə maraqlıdır. Azərbaycan sülh istəyir və buna nail olmağa çalışacaq”.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən