"Rusiyanın bir dövlət kimi axırı gəlib çatacaq" - Politoloqdan PROQNOZ

 12:48 30.09.2022     593

"Putinin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyi” və “suverenliyi”ni tanıması Rusiya üçün çox acınacaqlı nəticələrə gətirəcək".

Bunu Redaktor.az-a politoloq Zərdüşt Əlizadə bildirb.

Onun sözlərinə görə, artıq bu qərarı hamı qeyri-qanuni hərəkət kimi qiymətləndirib.

"Hamı gözləyir ki, yaxın bir neçə gün ərzində Rusiya bu əraziləri Rusiya Federasiyası ərazisinə qatılması haqqında qanun çıxaracaq və bu əraziləri Rusiyanın qanuni əraziləri elan edəcək. Bu, ona gətirəcək ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək, Rusiyaya qarşı təzyiqlərinin sayı artacaq. Ukrayna ordusu Rusiyanın hədə-qorxusuna məhəl qoymadan öz hərbi əməliyyatlarını öz qanuni torpaqlarını azad etmək uğrunda davam etdirəcək. Və nəhayətdə Rusiya məcbur qalacaq ki, ya məğlubiyyətini etiraf etsin, ya da nüvə silahını işlətsin. Nüvə silahını istifadə etsə, Rusiya bütün dünya miqyasında tamamilə təzyiq alacaq. Bütün beynəlxalq təşkilatlardan çıxarılacaq, iqtisadi əlaqələri kəsiləcək və Rusiya rəhbərliyinə qarşı istənilən əməliyyat qanuni qüvvəyə minəcək. Bundan sonra isə ola bilsin ki, Rusiyanın bir dövlət kimi axırı gəlib çatacaq", - deyə Zərdüşt Əlizadə bildirdi.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyi” və “suverenliyi”ni tanınması barədə fərman imzalayıb.

Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək. 

Həmidə İBRAHİMOVA

Vumart və Güvən reklamı Vumart Güvən