Erməni generalın yeni təxribatlar anonsu: Müvafiq qurumlar gecikmədən beynəlxalq birliyi məlumatlandırmalıdır
Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan yerli jurnalistlərə müsahibəsində Azərbaycanla sərhəddə yeni hərbi təxribatlara başlayacaqlarının anonsunu verib. O deyib ki, “Ali Baş Komandan tərəfindən əraziləri geri almaq üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur”.
Azərbaycan bəyan edib ki, ordumuz qarşı tərəfin ərazisinə daxil olmayıb, sadəcə mövqelərimizi atəşə tutan erməni hərbi birləşmələrinin təxribatlarının qarşısı alınıb. Belə olan halda, erməni generalın açıqlaması məhz Ermənistanın yeni hərbi təxribatlar törədəcəyinin və yeni işğal cəhdinin açıq etirafıdır. Bu fakt informasiya mübarizəsində bizim üçün çox yaxşı sübut və faktdır. Müvafiq dövlət qurumlarımız (məsələn, Xarici İşlər və Müdafiə nazirliklərimiz) gecikmədən bu haqda bəyanat verməli və Ermənistanın yeni hərbi təxribatlara hazırlaşması ilə bağlı beynəlxalq birliyi məlumatlandırmalıdır.
Biz hər zaman müşahidə edirik ki, erməni tərəfi təxribat törətsə də, beynəlxalq birliyi aldatmaq, özünü günahsız göstərmək və Azərbaycan haqqında dünyada “təcavüzkar imici” formalaşdırmaq üçün tələm-tələsik bəyanatlar verir və atəşkəsi ordumuzun pozması haqda beynəlxalq təşkilatlara, dünya ölkələrinə müraciətlər edirlər. Bizim müvafiq qurumlar isə bir çox hallarda bu məlumatları təkzib edir və Ermənistanın bəyanatlarına cavab verir.
Olmazmı ki, ilk bəyanatlar bizim qurumlarımız tərəfindən verilsin? Martikyanın açıqlaması ilə bağlı bəyanatlar, dünya birliyinin məlumatlandırılması gecikməməlidir. Ki, sabah Martikyanın dediyi kimi ermənilər mövqelərimizə hücum etsə və ordumuz tərəfindən lazımi səviyyədə cavablarını alanda heç kim Azərbaycanı ittiham edə bilməsin. İttiham etməyə çalışanlara da erməni generalın məlum açıqlmasını sübut kimi təqdim etməliyik.
Nardar BAYRAMLI












