"Ermənilərin yaranmış sülh üçün vaxtları da qısalır" - Deputat

 13:19 03.10.2022     612

Xəbər verdiyimiz kimi, 2 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu görüş çox vacib görüşlərdən biridir:

“Ona görə ki, Brüssel formatında keçirilən son görüşdən sonra sentyabr ayının 12-i və 14-də yeni erməni təxribatı ilə üzləşdik və əvvəlcədən razılaşdırılmış rəsmi görüşlərdə bir fasilə yarandı. Ona görə də, Cenevrədə keçirilən görüş danışıqların bərpası kimi qiymətləndirilə bilər. Azərbaycan öz mövqeyini yenidən təkrar etdi. Sülh üçün irəli sürülən beş baza prinsipi bir daha Ararat Mirzoyanın diqqətinə çatdırıldı. Eyni zamanda, bu çərçivədə bu gün çox aktual olan mina xəritələrinin Azərbaycana verilməsi məsələsi müzakirə olundu. Həmçinin birinci Qarabağ müharibəsindən sonra 4000-ə yaxın itkin düşmüş azərbaycanlı vətəndaşımızın taleyi ilə bağlı suallar gündəmə gətirildi. Mən düşünürəm ki, ermənilərin son təxribatlarına Azərbaycanın qətiyyətli cavabı bir daha Ermənistanı yeni yaranmış reallıqla üz-üzə qoymuş oldu”.

Deputat onu da qeyd etdi ki, ermənilər təkcə ikitərəfli münasibətlərdə yox, beynəlxalq təşkilatlarda üzv olduqları hərbi-siyasi təşkilatları da bu prosesə cəlb edə bilməyəcəklər.

“Beynəlxalq hüquq və ədalət onların tərəfində deyil. Mən düşünürəm ki, nəticə çıxarmaq üçün bu qədər fakt, Azərbaycanın gücünü, Azərbaycanın yaratdığı reallığı qəbul etmək üçün bu qədər gerçəklik kifayətdir. Əlbəttdə ki, bu ilk addımdır. Hazırda biz bu görüşdən sonra mümkün addımların nə zaman atılacağına, real olaraq bununla bağlı, bu istiqamətdə hərəkət ediləcəyi məsələsinə fokuslanmalıyıq. Çünki bundan çox şey asılıdr. Ona görə bir qədər gözləmək lazımdır. Əks təqdirdə bu da sıradan bir növbətçi görüş kimi qiymətləndirilə bilər. Düşünürəm ki, regionda və dünyada hadisələr o qədər surətlə inkişaf edir ki, ermənilərin yaranmış sülh üçün vaxtları da qısalır. Ümid edək ki, bu görüşdən sonra artıq sülh istiqamətində real addımlar atılacaq”,-deyə Hikmət Babaoğlu əlavə etdi.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən