“İranda rejim dəyişəcək” - Politoloqdan PROQNOZ
Xəbər verdiyimiz kimi, Məhsa Əmini adında gənc qızın polisin nəzarətində ikən ölümündən sonra başlayan nümayişlər 3 həftədir davam edir.
Etirazlar sentyabrın 17-də Əminin dəfn mərasimində başlayıb və İranın 31 vilayətinə yayılıb. Bu etirazlarda etnik və dini azlıqlar da daxil olmaqla cəmiyyətin bütün təbəqələrindən insanlar iştirak edir. Artıq tələbələrdən sonra orta məktəb şagirdləri də etirazlara qoşulub.
Nümayişçilər İranın ali dini lideri Ayətullah Əli Xameneinin devrilməsini tələb edirlər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa dedi ki, bu iğtişaşların nəticəsi rejim dəyişikliyi ilə nəticələnəcək:
“Yəqin ki rejim dəyişəcək. İranın parçalanması və ya qalması ilə bağlı isə onu deyə bilərəm ki, bir az daxili vəziyyətdən, təşkilatlanmadan çox şey asılıdır. Hər halda düşünürəm ki, hər şeyə hazır olmalıyıq. İran elə bir vəziyyətə düşüb ki, burada fars-molla rejimi başa çatıb, limitini bitirib. Bu baxımdan hər şeyə hazır olmaq lazımdır”.
Politoloq qeyd etdi ki, İranda baş verən aksiyalar kortəbii deyil.
“Xalqın da narazılığı var, amma görünür, müəyyən formada bu iğtişaşları yönləndirən, idarə edən kütlə də var. Bu baxımdan, hadisələrin gedişi, adətən, bir həftə çəkir, sonra sonlanır, tədricən ölür, rejim də bunu gözləyir. Çünki rejim nümayişin qalxma və enmə tempini bilir. Amma bu dəfə elə deyil. Anlaşılan odur ki, bu dəfə proses davamlı olaraq tənzimlənir, idarə olunur. Hesab edirəm ki, rejim ciddi dəyişikliyə gedəcək. Sadəcə biz Güney Azərbaycanla bağlı işləməli, dağıntının altında qalmaması üçün hər bir şey etməliyik”, - deyə Əli Mustafa bildirdi.
Nərmin VÜQARQIZI













