"Ölüm təhlükəsini anlayıb bu dəlini kənarlaşdırsalar, bəşəriyyət xilas ola bilər" - Zərdüşt Əlizadə

 11:30 06.10.2022     3329

Xəbər verdiyimiz kimi, bir sıra ölkələrin Xarici İşlər Nazirliyi Rusiyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşə biləcəyi ehtimalını nəzərə alaraq, öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

Bu ölkələr siyahısına ABŞ, Latviya, İtaliya, Çexiya kimi bir sıra dövlətlər daxildir.

Bəs bu çağırışların arxasında nə dayanır? Ukraynada gedən müharibə Rusiyanın daxilinə keçə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, müharibənin Ukrayna tərəfindən Rusiya daxilinə keçmə ehtimalı yoxdur.

“Amma belə bir ehtimal var ki, Putinin başına hava gəlib Ukraynaya nüvə zərbəsi endirsə, bu, bütünlükdə Qərbi və bütün dünyanı təhdid etməkdir. Buna baş əymək o deməkdir ki, Putin qudurub daha çox iddialar irəli sürəcək. Onun ağlının başına gəlməsi üçün eyni gücdə nüvə zərbəsini Qərb endirə bilər. Bu da dünyada nüvə müharibəsinə çevrilər. Kəşfiyyat xəbərdarlıq edir ki, nüvə müharibəsi ola bilər, xarici işlər nazirləri də qəbul edilmiş geopolitik qaydalara əsasən, öz vətəndaşlarına çağırış edir ki, Rusiyanı tərk etsinlər və ya sığınacaqlarda qorunsunlar. Əgər qlobal nüvə müharibəsi olarsa, həmin vətəndaşlar Rusiyadan çıxdı-çıxmadı bütün bəşəriyyətin sonu çatacaq. Amma hər bir halda bu xəbərdarlığı etmək xarici işlər nazirliklərinin borcudur”.

Politoloq qeyd etdi ki, nüvə müharibəsinin olması Rusiya Prezidenti Vladimir Putinin iradəsindən asılıdır:

“Nüvə müharibəsinin olub olmaması isə başdan xarab Putinin iradəsindən asılıdır. Bir də ki, Rusiyanın hakim zümrəsindən. Ölüm təhlükəsini anlayıb bu dəlini, axmağı təcrid edib kənarlaşdırsalar, bəşəriyyət xilas ola bilər. Əks halda insanlıq məhv olacaq”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən