"Ermənistan məcbur olub sülh müqaviləsini imzalayacaq" - Kərəm Məmmədov

 13:55 06.10.2022     589

“Ərdoğanla Paşinyanın görüşündə yəqin ki, sərhədlərin delimitasiyası, demarkasiyası məsələsi müzakirə olunacaq. Amma hansısa bir tam nəticəyə gəlməyə inanmıram. Çünki Ermənistanla indiyə qədər dəfələrlə Avropa Şurasının prezidenti, eyni zamanda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan tərəfindən görüşlər keçirilib. Ən sonuncu xarici işlər nazirlərinin görüşü oldu və o görüşdən dərhal sonra dünən Kəlbəcər istiqamətində aranı qarışdırmaq üçün təxribata əl atdılar. Ərdoğanla təbii ki, müzakirə olunacaq məsələlər var“.

Bu sözləri Redaktor.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasnda Praqada keçiriləcək görüş barədə danışan politoloq Kərəm Məmmədov deyib.

“Tam razılığa gəlmək məsələsində isə düzünü deyim ki, mən Ermənistan tərəfinin səmimiyyətinə inanmıram. Yenə də bir bəhanə deyəcəklər. Ərdoğanla görüşdə bəyan edəcəklər ki, biz sərhədlərin, komminikasiyaların açılmasına, sərhədlərin müəyyənləşdirilməsinə, yəni hərtərəfli sülh müqaviləsinin hazırlanmasına və imzalanmasına razıyıq. Amma onun ardından iki-üç gün keçəndən dərhal sonra növbəti təxribata əl atırlar. Və danışıqlar prosesini heçə endirəcəklər. Ona görə ermənilərinin səmimiyyətinə inanmaq düzgün olmazdı. Amma hər halda Paşiyan istəyir ki, sülh müqaviləsi imzalansın. Sadəcə olaraq ölkənin daxilindəki siyasi qüvvələr, eyni zamanda xaricdəki erməni qüvvələri hələ ki müqavilənin imzalanmasına hazır deyillər. Yəni daha doğrusu bunu qəbul etmək istəmirlər. Onsuz da gec, ya tez Ermənistan tərəfi məcbur olub sülh müqaviləsini imzalayacaq. Onun başqa çıxış yolu yoxdur. Sadəcə olaraq Ermənistan ictimaiyyətini və xaricdəki ermənipərəst qüvvələri sakitləşdirmək üçün zamana ehtiyac var", - deyə analitik bildirib.

Kərəm Məmmədov eyni zamanda Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsinə də aydınlıq gətirdi. Həmsöhbətimiz hesab edir ki, əslində o sərhədlər açılmalıdır:

"O da Ermənistanın özünün necə aparmasından asılıdır. Türkiyə hər zaman sərhədlərin açılmama səbəblərini və şərtlərini bəyan edib. Sadəcə olaraq Ermənistan tərəfi konstruktiv razılaşmaya, dialoqa gəlib mövcud reallığı qəbul etmək istəmir. O səbəbdən də o sərhədlər açılmır. Sərhədlərin də açılması bu saat hamıdan çox Ermənistana sərf edir. Çünki Ermənistan dörd tərəfində qonşu dövlətlərlə problemlidir. Bir dənə İrandan başqa. Amma bizim Ermənistandan başqa hamı ilə normal münasibətlərimiz var. Hamı ilə kominikasiya xətlərini, ticari-iqtisadi əlaqələri davam etdirir, inkişaf etdiririk. Və çox böyük layihələr həyata keçiririk. Ermənistan isə bunun hamısından təcrid olunub. Sadəcə olaraq Ermənistan cığallıq edib özləri üçün əlavə mənfəət götürmək istəyir. Amma bu dəfə onların o şıltaqlığı keçməyəcək. Onlar şıltaqlıq göstərib hər dövlətdən əlavə güzəşt qoparmaq istəyirlər. Ən pis halda deyəcəklər Türkiyə ilə sərhədlər açılsın, amma burada bizim əlavə mənfəətlərimiz olsun. Niyə? Burada qarşılıqlı, ikitərəfli münasibətləq qururuq da. Hər bir dövlət təbii ki, öz maraqlarına uyğun şəkildə münasibətləri formalaşdırmalı, əlaqələr qurmalıdır. Sən hansı böyük bir imtiyaza maliksən ki, daha geniş imtiyazlar alasan. Hansı üstünlüyün var? Heç nə.”

Politoloq sonda qeyd etdi ki, Ermənistan tərəfinin bu gün bölgədə yaranmış real vəziyyətlə hesablaşmaqdan başqa çarəsi yoxdur.

“Ya onlar bu vəziyyətlə hesablaşıb qonşu dövlətlərlə normal münasibət qurub kommunikasiyaları açıb inkişaf etməlidilər, ya da ki, onlar dövlət olaraq özlərini təhlükəyə atacaqlar. Dövlətin yaşaması üçün şübhəsiz ki, bütün qonşu dövlətlərlə normal ticarət, iqtisadi münasibətlər qurulmalıdır. Və bunlar da bundan qaçırsa, dövlət məhvə gedəcək. Onu dərk edəndə isə gec olacaq. Amma bu gün Ermənistanda ictimaiyyət hələ onu həzm etmək istəmir. Lakin edəcək. Başqa əlacları yoxdur. Real vəziyyət onu tələb edir ki, Ermənistan qonşu dövlətlərlə, ilk növbədə Azərbaycanla normal münasibət qurub sərhədlərini müəyyənləşdirsin və o vacib olan kommunikasiya xətləri açılsın. O kommunikasiya xəttlərinin açılması və əlaqələrin inkişaf etməsi Ermənistana hava su kimi lazımdır”.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən