"4000 soydaşımızla bağlı Ermənistana suallar ünvanlanmalıdır" - Deputat

 17:11 06.10.2022     1001

Xəbər verdiyimiz kimi, Xocavəndin Edilli kəndində qazıntı işləri aparılıb və 12 meyit qalığı aşkarlanıb. Həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu bildirilib. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanmasından məlum olur ki, onlar quyunun yanındaca güllələniblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, ermənilərin bu vəhşiliklərini daxili auditoriya üçün deyil, beynəlxalq auditoriya üçün sistemli və intensiv şəkildə nümayiş etdirmək lazımdır.

“Xocavənd rayonun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşkar edildi. Bu onun göstəricisidir ki, Ermənistan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliklər, hərbi cinayətlər törədib. Və Xocavənd rayonunda aşkarlanmış növbəti kütləvi məzarlıqda Azərbaycan əsgərlərinin vəhşicəsinə qətlə yetirərək basdırıldığı müəyyənləşib. Onların əlləri, ayaqları bağlı şəkildə qətlə yetirildikləri müəyyən olunub. Bütün bunlar onun göstəricisidir ki, onlar qətlə yetirilməmişdən öncə işgəncələrə məruz qalıblar. Bu, Cenevrə Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının göstəricisidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi dəfələrlə 4000 soydaşımızın itkin düşdüyü, taleyi ilə bağlı heç bir məlumat olmadığı haqqında məsələ qaldırıb. Azərbaycan prezidenti dəfələrlə Ermənistanın baş naziri ilə görüşlər zamanı bunu səsləndirib. Ermənistan tərəfindən isə bu istiqamətdə hər hansı bir reaksiya olmayıb. Və təəssüflə qeyd etmək lazımdır ki, heç bir əsas olmadan Azərbaycanı bəzən aqresiyada, hərbi xarakterli  cinayətlərdə suçlandırma cəhdlərinə rast gəlirik. Amma Ermənistanın bu qədər aşkar şəkildə törətmiş olduğu cinayətlərə görə qınanmaması, siyasi, hüquqi məsuliyyətə cəlb olunmaması ikili standartların aşkar göstəricisidir. Bu cür yanaşma bütövlükdə qlobal təhlükəsizlik üçün çox neqativ presedentlər təqdim etməkdədir. Ermənistan törətmiş olduğu cinayətlərə görə cavab vermiş olsaydı, məsuliyyətə cəlb olunmuş olsaydı, onda belə hallara yol verməkdə sonrakı mərhələdə digər dövlətlər və xalqlar çəkinərdilər. Amma Ermənistan 30 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı aşkar cinayətlər törətməkdədir", - deyə deputat qeyd etdi.

Elşad Mirbəşiroğlu onu da vurğuladı ki, Ermənistanın heç bir məsuliyyətə cəlb olunmaması digər subyektlər tərəfindən analoji addımların atılmasına həvəsləndirə bilər:

“Təbii ki, biz zamanla Ermənistanın məsuliyyətə cəlb olunmasına nail olacağıq. Amma qeyd etdiyim kimi bir çox hallarda beynəlxalq instansiyaların qeyri-obyektiv mövqe sərgiləməsi ona dəlalət edir ki, təcavüzkara dəstək olunur və onu yeni cinayətlərə həvəsləndirmək cəhdləri müşahidə olunur. Bu baxımdan, hesab edirəm ki, beynəlxalq instansiyalar taleyi bu günə qədər məlum olmayan 4000 soydaşımızla bağlı Ermənistana suallar ünvanlamalıdır. Ən azından bilirik ki, Ermənistan tərəfi onları işgəncələrə məruz qoyub və həyatlarına son qoyublar. Amma ən azından onların aqibəti ilə bağlı məlumatları təqdim etməlidirlər. Burada da beynəlxalq instansiyaların təsirli rolu ola bilər. Təəssüf ki, biz bu rolu görmürük. Əksinə onların ədalətsiz möqvelərini görürük. Amma bütün hallarda Azərbaycan kifayət qədər siyasi hərbi gücə malikdir ki, itkin düşmüş, taleyi bilinməyən vətəndaşları ilə bağlı məsələlərə aydınlıq gətirsin. Hesab edirəm ki, biz buna nail olacağıq. Ayrıca olaraq bunu bir fəaliyyət xətti kimi müəyyənləşdirmək vacibdir.”

Həmidə İbrahimova