"Ermənistan bundan sonra Azərbaycanda yaşayan ermənilərlə bağlı məsələ qaldıra bilməz" - Deputat Praqa bəyanatını şərh etdi
Xəbər verdiyimiz kimi, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.
Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.
“Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”,-deyə bildirilib .
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Praqada keçirilən toplantı gərgin, çətin, amma Azərbaycanın məqsədlərinə çatması istiqamətində mühüm bir görüş olub:
“Nəticə etibarı ilə Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü 5 baza prinsip rəsmi Praqa bəyanatının nəticələrində qəbul edilmiş oldu. Ermənistanın baş naziri şifahi şəkildə bu prinsiplərə etiraz etmədiyini bildirsə də, onun qəbul edilməsi və bu prinsiplər üzərində sülhün inşa olunması ilə bağlı rəsmi bəyanat və mövqe yox idi. Amma Praqada keçirilən Avropa İttifaqı Siyasi Birliyi zirvə toplantısında Şarl Mişel və Fransa prezidenti Makronun iştirakı ilə yekun bəyanat qəbul edildi. Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bunu da beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə istinad edərək deyirlər”.
Deputatın fikrincə, burada iki ifadəni bir-birindən fərqləndirmək və məzmunlarını izah etmək olduqca vacib məsələdir:
“Bunlardan biri ərazi bütövlüyüdür ki, bunu hamımız bilirik. İkincisi isə suverenliyin tanınmasıdır. Yəni suverenlik milli dövlətin ona məxsus olan ərazilərində ali iradəsinin tanınması deməkdir. Bunun mənası belədir ki, Ermənistan bundan sonra heç bir danışıq platformasında Azərbaycanda yaşayan ermənilərin hüquqları və yaxud da onların təhlükəsizliyi ilə bağlı məsələ qaldıra bilməz. Ona görə ki, Azərbaycanın ərazi bütövlüyünü və bu ərazi üzərindəki suverenliyini tanıyıb. Əks təqdirdə belə məsələlər qaldırılarsa, bu Azərbaycanın –suveren dövlətin ərazi bütövlüyünə iddia kimi qəbul edilə bilər. Düşünürəm ki, vacib nüans buradadır. Bu, Azərbaycan diplomatiyasının çox ciddi uğurudur və eyni zamanda sülhə doğru irəliləmək üçün yaxşı əsas yaradır.
Hikmət Babaoğlu hesab edir ki, Praqa bəyanatı ermənipərəst fransızların Qafqaza müdaxilə etmək arzusunu puç edib.
“Şübhəsiz ki, Fransanın mövqeyi hər zaman ermənipərəst olub. Fransa çalışırdı ki, ermənilər vasitəsilə yaranan yeni reallıqda Qafqaza müdaxilə etmək üçün rıçaqlar əldə etsin, amma Azərbaycan buna imkan vermədi. Ona görə də, ermənilərin sərhədlərin delimitasiyası ilə bağlı mümkün missiyası yalnız və yalnız Ermənistan ərazisində fəaliyyət göstərməklə məhdudlaşdırıldı. Çünki Azərbaycan öz suverenliyini qorudu və bəyan etdi ki, lazım gələrsə, öz maraqlarına uyğun olaraq bu missiya ilə əməkdaşlıq edə bilər. Düşünürəm ki, bu, tamamən Azərbaycanın iradəsinin və postmüharibə dövründə müdafiə etdiyi əsas tezislərin rəqib tərəfindən qəbul edilməsi deməkdir və bu, nəticə etibarı ilə ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün ehtiyatlı ümidlər yaradır”, - deyə deputat bildirdi.
Nərmin VÜQARQIZI












