Milli Məclis Mehrinin Ermənistana verilməsini qanunsuz saya bilərmi?

 10:52 08.10.2022     663

1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra sərhədlərlə bağlı dəyişikliklər oldu. Bolşeviklər Göyçə və Zəngəzurun bir hissəsini Ermənistan SSR-ə verdi. Amma Mehri rayonu Azərbaycan SSR-in tərkibində qalmışdı.

Mehri rayonunun Ermənistana verilməsinin əsas baiskarı isə o dövrdə Azərbaycan SSR-yə rəhbərlik edən erməni Levon Mirzoyan olub. Zəngəzurun bu hissəsi L.Mirzoyan tərəfindən ayrıca olaraq 1929-cu ildə Ermənistana bağışlanıb.Halbu ki, o vaxtadək tarixi torpaqlarımızın bir hissəsi Ermənistana verilmişdi və hər iki ölkə o sərhədlərlə SSRİ-nin tərkibində idilər. Mehri rayonunun sonradan - 1929-cu ilə Ermənistana verilməsi isə ermənilərin İranla sərhəddini təmin etmək, ən əsası türk dünyasının coğrafi bağlılığını ayırmaq, Naxçıvanı çətin duruma salmaq idi.

44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etsək də, Naxçıvanla quru yolla əlaqələrimizi gerçəkləşdirə bilmirik, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə əngəl olmağa çalışır.

Bəs, Azərbaycan 1929-cu ildə Mirzoyan tərəfindən Mehrinin Ermənistana verilməsinin qanunsuz olduğunu beynəlxalq müstəvidə qaldıra bilərmi? Milli Məclisdə də bu mövzuda müzakirələr aparıla, hətta həmin qərarın qanunsuz olması barədə sənəd qəbul oluna, bununla da Mehrinin Ermənistana verilməsi haqqında qərar hüquqi baxımdan qüvvədən düşə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov dedi ki, o zaman Mehri rayonunun yaradılması ilə Naxçıvan və Azərbaycan arasında quru sərhədi kəsildi və problem ondan sonra yarandı.

“Tarixin sonrakı məqamlarında da sovet dövləti ermənipərəst olduğuna görə, Azərbaycan torpaqlarının ermənilərə verilməsində böyük fəallıq göstərdi. Amma 1991-ci ildən, yəni SSRİ deyilən nəhəng imperiya dağılandan sonra sərhədlər məsələsi köhnə sovet strategiyası əsasında quruldu. Amma erməni bununla razılaşmadı və Azərbaycanın tarixi torpaqlarını uzun müddət işğal altında saxladı.

Onu da qeyd edək ki, 1919-20-ci illərin xəritəsində bu gün Zəngəzur deyilən ərazi Azərbaycan torpaqları idi. Hətta Paris sülh konfransına gedən nümayəndə heyətlərinin xəritələrində də, Fransada, Sovet Rusiyasında və ya Azərbaycanda tərtib olunmasından asılı olmayaraq, bütün xəritələrdə Zəngəzur Azərbaycan torpaqlarıdır. Amma Ermənistan bu gün bizimlə sülh müqaviləsi imzalamaq istəmirsə və müqavilənin şərtlərini pozursa, məğlub olan Ermənistan üzərində Azərbaycanın iddiaları, haqqı daha çoxdur. 1918-ci ildə ermənilərə paytaxt verilən İrəvan şəhərindən tutmuş Göyçə də, Zəngəzur da, bir sözlə Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır”.

Deputatın sözlərinə görə, Azərbaycan belə bir iddia ilə çıxış etməsə də, tarixi sənədlər göstərir ki, bu ərazilər tarix boyu Azərbaycan torpaqları olub.

“Milli Məclisin bu məsələni qaldırmasına gəlincə, bugünkü tarixdə Azərbaycan hökuməti, dövləti, parlamenti belə bir məsələnin iddiasında deyil. Amma əzəli torpaqlarımızla bağlı hansı tarixi sənədlər varsa, biz həmən sənədləri dövriyyəyə buraxırıq, dünyanı da inandırırıq ki, siz 1918-ci ildə Ararat Respublikası yaradana qədər, - hətta 1813-1828-ci illərə kimi bu ərazinin tarixinə fikir verin və bu tarixi yazanlar da qeyri-azərbaycanlılardır, amma ədalət naminə olanı yazıblar - xəritələrdə bir dənə də erməni adı yoxdur. Çünki bu ərazinin tarixi əhalisi azərbaycanlılar olub. Ermənistan əgər Azərbaycana olan münasibətdə revanşist düşüncə ilə hərəkət edəcəksə, onun taleyinin necə olacağına dair kimsə nəsə deyə bilməz”, - deyə Anar İsgəndərov bildirdi.

Nərmin VÜQARQIZI