"NATO qoşunları Ermənistan sərhədlərinə gələcək, sonra Qarabağa yol tapmağa çalışacaqlar" - Zahid Orucdan AÇIQLAMA

 12:10 11.10.2022     651

"Bir ildən çoxdur ki, Fransa dövləti Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir. Son Praqa görüşündə yalnız mülki missiyanın, özü də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi.

Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ortük altında sərhəddə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhəddin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Parlamentari vurğulayıb ki, ona görə də Prezident İlham Əliyev Şarl Mişelin ləyaqətli, əsil Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur.

"Yaxın günlərdə Fransa və digər dövlətlərin parlementlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi ölkəmizin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır.

Hələ bir ay əvvəl ölkəmizi hərbi təcavüzdə günahlandıran Fransa müdafiə naziri Sebastyan Lekorno sərhəddə gələn heyətin məhz ordu qüvvələri olacağını açıq deyir. Yəni, neytral qüvvələrin deyil, siyahısı Ağ Ev və Yeliseydən verilən hərbçilər gəlib iki xalqın sərhəddini cızacaqlar. Delimitasiya və demarkasiya komissiyasını Rusiya ilə yaradan Ermənistana haqlı olaraq, Kolllektiv Təhlükəsizlik Təşkilatı da etiraz edib. Çünki formal da olsa bu hərbi blokun üzvü olan dövlət Fransa və Amerika hərbi kontingentini gətirib sərhəddini qoruyan rus ordusu ilə bir bayraq altına necə yığacaq?"

Zahir Orucun sözlərinə görə, şübhə yoxdur ki, indi regiona sülh gətirmək istəyənlər 2005 və 2011-ci ildə Bakının tələbi ilə işğal olunmuş ərazilərə gedən ATƏT-in Fakt araşdırıcı Missiyasının balalarıdır.

"O vaxt 7 rayonun yer üzündən silindiyini görməyən, Zəngilana, Qubadlıya gözü bağlı gələnlər indi torpaqlarımıza binoklla baxan hərbi generallarını gətirib Göyçə dağlarına düzmək istəyirlər.

Biz Yunanıstan cəbhəsində Türkiyə əleyhinə F-16 təyyarələri və müasir raketlərini düzənlərin Qafqazlarda neytral və ədalətli müşahidəçi olacağına inanmırıq. İstənilən sərhəd təxribatında dövlətimizi suçlayıb regionu beynəmiləl toqquşma meydanına döndərəcklər. Onların sülhpərvərliyi Rusiya hərbi qüvvələrini Gümrüdən və Xankəndindən çıxarana qədər sürəcək. Sonra Əfqanıstana daxil olduqları sürətlə İran və Rusiyanın arasında mövqe tutacaqlar. Ardınca NATO qoşunları Ermənistan sərhədlərinə gələcək. Sonra Qarabağa yol tapmağa çalışacaqlar. Plan budur. Sabah ordumuzu İrəvana hücumda günahlandırıb, ardınca BMT-də əleyhimizə qərar verərək erməni hərbi səngərində özlərinə yer tutacaqlar.

Halbuki Ermənistan Qarabağı Azərbaycanın tərkibində tanımağa hazırdır, lakin deyir ki, bizi Qərb qoşunları qorusun. Çünki rus əsgəri daha ermənilər üçün ölmək istəmir", - deyə deputat vurğulayıb.

Turan İSMAYIL