Deputat Ukraynadakı səfirimizi tənqid etdi: "Çox təəssüflər olsun ki..."

Deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında hazırda Ukraynada həbsdə olan Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya dair məsələ qaldırıb.
Redaktor.az-ın məlumatına görə, o, Azərbaycan – Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.
Misir Qasımlının Azərbaycan Prezidenti tərəfindən medalla təltif olunduğunu qeyd edən M.İbrahimqızının sözlərinə görə, o, Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb.
"Çox təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə bir az laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili də dəfələrlə bu iş üzrə heç bir sübut olmadığını bildirir. Mən bir daha müraciət edirəm ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin", - deyə millət vəkili bildirib.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovadır.