"Vəziyyət bu qədər qorxuludur" - Politoloqdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

 15:41 11.10.2022     557

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Ukrayna tərəfindən Rusiya ilə Krım yarımadasını birləşdirən Krım körpüsü partladılıb. Bundan sonra isə Kiyevin mərkəzində yerləşən Kliçko körpüsü Rusiya ordusu tərəfindən vurulub.

Həmçinin Krım körpüsünün partladılmasından sonra Ukraynanın böyük şəhərləri – Dnepr, Lvov, Ternopil, Zaporojye raket atəşinə tutulub.

Maraqlıdır, bu hadisələr müharibənin gedişatına necə təsir göstərəcək? Bu olaylar müharibənin daha da uzanmasına səbəb ola bilərmi?

Suallarımızı siyasi şərhçi Əziz Əlibəyli cavablandırdı. O, Redaktor.az-a bildirdi ki, Ukrayna ordusunun son dövrdə ərazilərini əks-hücumlar nəticəsində azad etməsi elə bir fikir doğurdu ki, artıq Rusiya çəkilmək üzrədir.

“Bu irəliləyiş "Ukrayna ordusu artıq qalib gəlir" kimi fikirlər yaratdı. Çünki müharibənin gedişatında hər kəsin görə biləcəyi bir dönüş yaranmışdı. Elə bir məqamda, həm də Putinin doğum günündə belə bir prosesin ortaya çıxması göstərdi ki, Qərb kəşfiyyatının hazırda bir növ Putinə Krım üzərindən ad günü hədiyyə etməsi artıq iplərin qopması və yeni mərhələnin başlanması üçün lazım idi”.

Əziz Əlibəylinin fikrincə, Rusiya-Ukrayna müharibəsi sadəcə iki dövlət arasındakı müharibə deyil:

“Qərb mediasının hazırda bombalanmanın Krım körpüsünə adekvat cavab olduğunu gündəmə gətirməsi Ukraynanı daha çox hədəfə çıxarır. Deməli, aylardır, bunun Rusiya-Ukrayna arasında müharibə olmadığını hər kəs bilir. Bu bir informasiya savaşının tərkib hissəsidir, hibrid müharibə gedir. Bütün Qərb mediası anti-Rusiya mövqeyini Ukrayna üzərindən sərgiləyir. İndi Ukrayna savaşın o hissəsinin ciddi zərərini çəkir. İndi Qərb hansı addım atacaq? Ukraynaya müharibənin gedişini dəyişəcək hansı silahları verəcək?”

Politoloqun sözlərinə görə, indiki halda müharibənin nəticəsinə dair konkret bir fikir söyləmək olduqca çətindir:

“Nəticə güc mərkəzlərinin toqquşmasına doğru gedir. Bu, artıq Rusiya-Ukrayna müharibəsi deyil. 14 milyona yaxın ukraynalının qaçqın düşməsi prosesidir, 8 milyona yaxını qaçqın düşmək üzrədir. Hələ ki, prosesin indiki məqamda qiymətləndirilməsinin aparılması olduqca çətindir. Rusiyanın taktiki nüvə başlığından istifadə etməsi reallaşarsa, müharibə bəlkə də tez başa çatar. Vəziyyət bu qədər qorxuludur.

Əslində nəticənin ilkin razılaşmasını və modelini Putin 4 vilayəti özünə birləşdirməklə vermişdi. Amma görünür, onların dayanmaq niyyəti yoxdur. Savaş nüvə müharibəsinə kimi gedə bilər”.

Əziz Əlibəyli vurğuladı ki,Rusiya-Ukrayna müharibəsi əslində yeni dünya üzərində ilkin təməllərin atılması savaşıdır.

“Dünya çox qütblülüyə, yaxud da ki, güc mərkəzlərinə bölünmək uğrunda bir prosesə qurban getməkdədir. Adətən bu cür proseslərin sonu o qədər də uzunmüddətli olmur. İndi vasitələr nəticəni tez əldə etməyə imkan yaradır. İlkin olaraq, müharibənin bitməsi üçün minimal 9 ay nəzərdə tuturam. Çünki ortada resurslar var və onların savaşı gedir”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən