Ceyhun Bayramov MDB-nin iclasında Zəngəzur dəhlizindən DANIŞDI

 21:19 12.10.2022     287

12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında iştirak edib. Əvvəlcə məhdud tərkibli formatda işə başlayan iclas daha sonra geniş tərkibdə davam edib. 

Redaktor.az xəbər verir ki, bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov məhdud tərkibli iclasda çıxış edərək MDB çərçivəsində qarşılıqlı fəaliyyət, habelə regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv fikir mübadiləsinin aparılması üçün iclasın yüksək səviyyədə təşkilinə görə sədr ölkə qismində Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

Müasir dünyanın çağırış və təhdidlərinə qarşı birgə fəaliyyətdə təhlükəsizlik məsələlərinin aktuallığının artığını qeyd edən nazir, bununla əlaqədar olaraq MDB çərçivəsində maraqlı tərəflər arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib.

O, xüsusilə, ölkələr arasında etimad və qarşılıqlı analayışın möhkəmləndirilməsində ənənəvi olaraq təsirli vasitələrdən olan humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb.

O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib. Xüsusilə, bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyətinin artacağı diqqətə çatdırılıb. Nazir, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən bəhs edib. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqları bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxış zamanı, həmçinin Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatların tam icra edilmədiyi, erməni hərbçilərinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Habelə, Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 oktyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.

Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb.

Nazir Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.