“Makron ermənidən daha çox erməni olmağa çalışır” - Deputat
Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına müsahibəsində bəzi sərsəm fikirlərə yer verib.
“İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə baş verdi. Amma Qarabağ bu ölkənin ürəyində olduğu üçün Ermənistan orada idi. Azərbaycan çoxsaylı qurbanları və amansız səhnələri ilə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi”,- o deyib.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu, Azərbaycanın həm Rusiyanın, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Ermənistanla apardığı danışıqlara birbaşa xələl gətirəcək addımdır.
“Makronun bu bəyanatları heç bir çərçivəyə sığmır. Bu gün artıq Azərbaycan və Ermənistan müəyyən bir məsafəni qət ediblər və uğurlu addımlar atılır, razılaşmalar əldə edilir və artıq bir neçə dəfə Brüsseldə görüş keçirilib. əəssüf ki, hər zaman olduğu kimi Fransa prosesə mane olmağa çalışır. Makron ermənidən daha çox erməni olmağa çalışır. Davamlı olaraq ayrı-ayrı dövlətləri ittiham edir, öz maraqlarını təmin etməyə çalışır. Bu məsələyə kəskin münasibəti təkcə Azərbaycan yox, hətta fransalı politoloqlar da buna münasibət bildiriblər. Bu gün açıq şəkildə deyə bilərik ki, Makronun yanaşması Fransanın dövlət maraqlarına, Avropanın maraqlarına uyğun gəlmir. Ona görə ki, burada Avropa İttifaqının, bir çox Avropa ölkələrinin mövqeyi məlumdur. Fransa hər zaman olduğu kimi daha çox pozucu fəaliyyəti nümayiş etdirir və bu prosesi pozmağa çalışır. Fransa siyasətçilərinin də qeyd etdiyi kimi, Makron özünü daha çox bu ölkədə yaşayan ermənilərin rəhbəri kimi aparır və ölkə maraqlarına da ciddi şəkildə ziyan vurur”.
Deputat onu da əlavə etdi ki, bu cür bəyanatlar Azərbaycanın hədəflərinə çatması üçün maneə yarada bilməz:
"Bu mövqe qəbuledilməzdir. Azərbaycan belə mövqeləri heç vaxt qəbul etməyib, etməyəcək də. Cənab Prezidentin də qətiyyətli mövqeyi ortadadır. Azərbaycan öz hədəflərinə çatmaq üçün sona qədər bu prosesə davam edəcək və məqsədinə nail olacaq. Bu baxımdan ən azından Fransa bu prosesə töhfə verə bilmirsə, heç olmasa mane də olmasın. Bu cür bəyanatlar, çıxışlar ölkəmizin mövqeyinə mənfi təsir göstərə bilməz, çünki Azərbaycan bu məsələdə sona kimi prinsipiallığını qoruyacaq.
Nərmin VÜQARQIZI












