"Ölkəmizin Fransa ilə əlaqələrinə yenidən baxılmalıdır" – Aydınlar Partiyasından Makrona ETİRAZ

 14:04 15.10.2022     275

Aydınlar Partiyası Fransa prezidenti Emmanuel Makronun Azərbaycan əleyhinə növbəti açıqlaması ilə əlaqədar bəyanat yayıb. 

Partiyanın mətbuat xidmətindən Redaktor.az-a daxil olan bəyanatda deyilir:

"Aydınlar Partiyası Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı son açıqlamasını - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alaraq ölkəmiz barədə qərəzli və ədalətsiz fikirlər səsləndirməsini beynəlxalq hüquqa və BMT nizamnaməsinə açıq hörmətsizlik, ölkəmizin ərazı bütövlüyünə və suverenliyin növbəti qəsd cəhdi kimi qiymətləndirir.

E. Makronun açıqlaması rəsmi Fransanın regionda sülhün və sabitliyin yaranmasında deyil, münaqişənin davam etməsində maraqlı tərəf olmasının və Ermənistanı növbəti təcavüzkar hərəkətlərə şirnikləndirdirməsinin açıq-aşkar sübutudur.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında və regionda sülhyaratma prosesində vasitəçilik iddaasında olan bir dövlətin prezidentinin təcavüzkar Ermənistanı bu qədər can-fəşanlıqla dəstəkləməsi və onun hamisi kimi çıxış etməsi Fransanın özünün elan etdiyi bəşəri dəyərlərə sayğısızlığını bir daha təsdiq edir, onun vasitəçilik missiyasını və BMT Təhlükəsizlik Şurasının daimi üzv statusunu şübhə altına alır. 

Aydınlar Partiyası hesab edir ki, Fransa heç bir halda Azərbaycanla Ermənistan normallaşma prosesində iştirak edə, rregionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verə bilməz. Ona görə də ölkəmizin Fransa ilə əlaqələrinə yenidən baxılması məqsədəuyğundur".