"İranın sərhəddəki təlimləri birbaşa Azərbaycana qarşı təhdiddir" - AÇIQLAMA
Ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının hərbi təlimləri başlayıb. Təlimlər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz bölgəsində keçirilir.
Maraqlıdır, İranın Azərbaycan sərhədində hərbi təlimlər keçirməsinin məqsədi nədir? İranın bu hərəkəti Azərbaycan üçün bir təhdiddirmi?
Mövzu ilə bağlı siyasi ekspert Əziz Əlibəyli Redaktor.az-a bildirdi ki, bu, bilavasitə Azərbaycana qarşı hərbi güc nümayişidir.
“Bu onunla əlaqədardır ki, Azərbaycan xarici siyasətinin, o cümlədən 10 noyabr Ermənistanla bağlanan kapitulyasiya aktının ən vacib hissəsi kommunikasiya ilə bağlıdır. Ermənistan tərəfi İran və Fransanın, eləcə də ABŞ-dakı bəzi güclərin dəstəyi ilə manipulyasiya ilə məşğuldur və dəhlizi vermək niyyətindən uzaqdır, yaxud da onu başqa şərtlərlə təqdim etməyə çalışır. Hesab edirik ki, Azərbaycanın məhz bu dəhlizlə bağlı qərarlılığının artması fonunda dərhal İranın belə bir addım atmasının izahı odur ki, dəhlizin əleyhinədir. İran bu koridoru milli maraqlarına qəsd kimi dəyərləndirir”,- ekspert qeyd etdi.

Analitik vurğuladı ki, Azərbaycan İranın belə bir niyyətinin əvvəlcədən olmasını hesablayaraq İran ərazisindən də Naxçıvana yol inşası ilə bağlı müqavilə imzaladı:
“Müqavilə Araz çayı üzərində digər iqtisadi layihələrin icrası ilə dəstəklənmiş oldu. Bu mənada, İranın sərhəddə “qüdrətli İran” adı altında hərbi təlimlər keçməsi və buraya daxil edilən PUA-lar ilə mübarizə, zərbə, gecə şəraitində əməliyyatların həyata keçirilməsi açıq təhdidlərdir. Həm də Araz çayı ifadəsinin daxil edilməsinin səbəbi odur ki, birbaşa Azərbaycanın ərazisini hədəfə alırlar.
50 min əsgərin bölgəyə cəlb edilməsi, hansı ki, bu hərbçilər taktiki zərbə və hücum yönlü xarakterə malikdirlər, bu, birbaşa Azərbaycana qarşı təhdid kimi meydana çıxmaqdadır”.
Əziz Əlibəyli onu da qeyd etdi ki, Azərbaycanın İranla bağlı demarş etməyə kifayət qədər imkanları var:
“Güney Azərbaycanı da hesaba qatsaq, İrana gedən, ölkəmizdən keçən yollar daxil, bütövlükdə Türkiyə, İsrail ilə münasibətlər, dəhlizin özü də Azərbaycanın İrana verdiyi möhtəşəm cavabdır. O cümlədən dini mövzuda mövqelərimizin güclənməsi bizə daha da imkan verir ki, İranın bu maraqlarına qarşı ciddi reaksiya göstərə bilək”.
Nərmin VÜQARQIZI












